İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. Nəhayət ki, əsl Nardarana gəlib çıxa bildik. Bu Nardaran həmin o Nardarandır. Dar küçələri, qumlu dənizi, yetişmiş, şirəli ənciri ilə tanınan Bakının Nardaran kəndi…
Xatırladaq ki, Azərbaycanda 3 Nardaran kəndi var. Bunlardan biri Siyəzəndə, digəri Qobustanda və nəhayət sonuncusu Bakıda yerləşir.
Sputnik Azərbaycan-ın əməkdaşı Siyəzən və Qobustandakı Nardaranlardan sonra və Azərbaycanda olan üçüncü – həqiqi Nardaran kəndinə də baş çəkib.
Əvvəlcə qeyd edək ki, Nardaran kəndi Bakının Sabunçu rayonu ərazisindədir. Kənd paytaxtdan 25 kilometr şimalda yerləşir.
Tədqiqatçıların fikrincə, Nardaran adı fars dilindən keçib, nər (dəvə) və daran (yer) sözlərindəndir. Başqa sözlə, “dəvə saxlanılan yer” deməkdir.
Elə üçüncü mənbə də ikinci ehtimalı qismən təkrarlayır – Nardaran "nur olan yer" kimi təqdim edilir.
Rəvayətə görə, burada 7-ci imam Museyi Kazımın qızı Rəhimə xanım yaşayıb. O, azyaşlı övladı və həyat yoldaşı Mir Əbdullah Ağanın yanında dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı, qədim tikili də qorunub saxlanılır. Bura Nardaran piri adlanır…
Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, Nardaran kəndi Buzovna, Maştağa, Mərdəkan kəndləri kimi zəngin memarlıq tarixinə malikdir və Abşeronun qədim yaşayış məskənlərindən biridir.
Nardaran yarımadanın şimal-şərq hissəsində yerləşən kəndlər qrupuna daxildir.
F.Nəsibovun sözlərinə görə, kəndin tarixi abidələrinin çox hissəsi qumluqlar altında qalıb.
"Nardaran vaxtilə əlverişli coğrafi və strateji mövqeyə sahib idi. Kənd yüksək nöqtədə yerləşir, şimal istiqamətində dənizə doğru sərt, cənuba – Sabunçu və Bakı şəhərinə doğru isə nisbətən yumşaq enişi var. Beləliklə, Nardaran ərazidə hakim mövqeyə sahib idi və onun topoqrafik şərtlərinə uyğun olaraq inkişaf edirdi. Bu kənd, öz şəhərsalma xüsusiyyətləri, kəndin ümumi inkişaf prosesindəki qanunauyğunluqları ilə Abşeronun bir hissəsini təşkil edir" - F.Nəsibov bildirib.
Onun sözlərinə görə, Nardaran onun tarixi keçmişinə aid olan xüsusiyyətləri bu gün də qoruyub saxlayır: "Nardaran ərazisində dini mərkəzləri olan bir neçə məhəllə var. Bunlar Ağa məhəlləsi (Minarəli məscid, 1899-cu il), Qum məhəlləsi (Cümə məscidi və ya hacı Cəbrayıl məscidi, 1877-ci il) və Qənbər məhəlləsidir (Hacı Bayraməli məscidi, 1806-1906-cı illər). Kəndin memarlıq abidələrinin inkişafını üç mərhələyə bölmək olar: birinci mərhələdə saray tikilib (1301-ci il. Onun ətrafında ilk yaşayış məskənləri salınmış "müqəddəs meşə"(1363/1364) yaranıb və hamam tikilib.1388-ci il). Məhz bu mərhələdə kəndin əsas planı yaranıb, üzərində tikililərin inşa edildiyi, küçələrin salındığı, sonralar isə öz əhəmiyyətini itirən planlaşdırma elementləri meydana çıxıb.
İkinci mərhələdə Molla Talıblı rayonunda II Abbas məscidi, II Abbas karavansarayı və I Süleyman məktəb-məscidi inşa edilib.
Üçüncü mərhələ XIX əsrə düşür, bu dövrdə Nardaranda dini və mülki tikililərin inşası fəallaşıb.
Qənbər məhəlləsində Bayraməli məscidi, Qum məhəlləsində Cümə məscidi və ya Hacı Cəbrayıl məscidi, Ağa məhəlləsində - Ağa məscidi (1675), onların yanında isə hamamlar inşa edilib.
Tədqiqatçı qeyd edir ki, XVII əsrin sonunda Nardaran müəyyən inkişaf mərhələsi keçib. Dini və mülki tikililər öz funksiyalarını dəqiqliklə daşıyırmışlar. XIX əsr öz tələbləri ilə şəhərsalma və kompozisiya elementləri ilə zəngin olan kəndin planlaşdırma strukturuna daxil olub. Burada kəndin inkişaf əsasını təşkil edən şəhərsalma faktorlarının əhəmiyyəti azalmayıb.
1860-cı ildə Qənbər məhəlləsində qəbiristanlığın yanında Bayraməli məscidi tikilib. Qəbiristanlığın salınmasının tarixi isə 1506-cı ilə gedib çıxır.
F.Nəsibov qeyd edir ki, dini tikilinin miqyasının dəyişməsi ilə əlaqədar ətraf tikililər də dəyişirdi. Ətrafda, kəndin planlaşdırma sisteminə daxil olan meydan yaranıb: "XIX əsrin II yarısında, köhnə qəbiristanlığın qarşı tərəfində hamam tikilib, lakin o Bayraməli məscidinin təsir dairəsinə daxil idi. Qənbər məhəlləsində hamamın, məscidin və qəbiristanlığın yerləşməsi daha bir tarixi mərkəzin yaranmasını müəyyənləşdirdi".
1300-cü ildən bu günə kimi təxminən 700 il ərzində Nardaran kəndinin şəhərsalma sistemi formalaşıb və uğurla inkişaf edib.
Bu gün Nardaran kəndində əmin-amanlıq, sakitlik hökm sürür. Kənddə üzüm, əncir bağları, istixanalar var. Yəni bütün təbii məhsulları burada tapmaq mümkündür.