İQTİSADİYYAT

Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?

Aqroekoturizmin inkişafını istəyirik, ancaq qanunvericiliyə görə, bizdə turist əmək fəaliyyəti ilə məşğul ola bilməz. Hətta ödənişsiz olsa belə
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. "Aqrar sektorun inkişaf etdiyi bir sıra ölkələrdə aqroekoturizm geniş yayılıb. Fransa, Türkiyə buna nümunə ola bilər. Azərbaycanda hələlik bu sahə inkişaf etməyib. Bu gün Azərbaycanda aqroekoturizmi inkişaf etdirmək üçün konseptual yanaşma olmalıdır".

Bunu turizm üzrə ekspert Azər Allahverənov ölkədə aqroekoturizmin inkişafının vacibliyindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Onun sözlərinə görə, Azərbaycanda aqroekoturların təşkil edilməsi kifayət qədər aktual məsələdir:

"Ayrı-ayrı cəhdlər, təşəbbüslər olsa da, bu, konseptual əsasda olmalı, bu kimi fəaliyyət fundamental aparılmalıdır. Fermer təsərrüfatında turistlərin fəaliyyətinin təşkil olunması maraqlıdır. Amma qanunvericiliklə bu məsələ tənzimlənməlidir. Qanunvericiliyə görə, bizdə turist əmək fəaliyyəti ilə məşğul ola bilməz. Hətta ödənişsiz olsa belə bu, əmək fəaliyyəti hesab olunur".

"Turistlərin yerli aqrar turizm imkanları ilə tanış olması və ya bu sahədə təcrübə mübadiləsi aparması qanunvericiliklə tənzimlənməlidir. Digər bir məsələ turistin təhlükəsiz iş şəraiti ilə bağlıdır", - deyə o bildirib.

Ekspertin fikrincə, ilk mərhələdə Azərbaycanda aqroekoturların təşkil edilməsini daha çox reallaşdırmaq olar: "Çünki bunun üçün əlavə qanunvericilik aktlarına ehtiyac yoxdur. Növbəti mərhələdə isə bunu genişləndirərək aqroekoturizm formatında təşkil etmək olar. Bu gün hər bir bölgəmizin özünəməxsus mətbəxi var. Bu da haradasa aqroekoturizm ilə bağlı ola bilər. Ümumilikdə aqroekoturizm strategiyası hazırlanmalıdır".

Daha turistlərə kələk gələ bilməyəcəklər - Ciddi yenilik olacaq

Qeyd edək ki, iyul ayında Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən reallaşdırılan "Şəhərdən kəndə" aqroekoturizm layihəsinin icrasına başlanılıb. Bu layihənin məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin şaxələndirilməsidir. Layihə iştirakçısı olan yerli və əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər.

Layihə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.