CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

İki gün davam edəcək festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək
Sputnik

BAKI, 30 avqust — Sputnik. Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı başlayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxıdakı “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində keçirilir.

Beş min illik ənənə: Azərbaycan şərabı necə ərsəyə gəlir

Əvvəlcə festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışına dair dəyirmi masa keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, Dövlət Turizm Agentliyinin məsul işçisi Elmir Qədirov, beynəlxalq ekspert Pizzi Angelo Antonio çıxış edib. Onlar Azərbaycanda qədim üzümçülük və şərabçılıq ənənələrinin mövcud olmasından, son illər ölkəmizdə böyük üzüm plantasiyalarının salınmasından, yeni müasir şərab istehsalı zavodlarının fəaliyyətə başlamasından, bu sahənin inkişafına olan dövlət dəstəyindən danışıblar.

Məlumat verilib ki, ötən 10 il ərzində Azərbaycanda 12 müasir üzüm emalı və şərab istehsalı zavodu inşa edilib. Azərbaycanın şərab zavodlarında hazırda dünyanın tanınmış mütəxəssisləri çalışırlar.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” qəbul olunub.

Hər cümə bir qədəh şərab...
 2017-ci illə müqayisədə 2018-ci ildə ölkədə bu sahə üzrə məhsul istehsalı 50 faiz, məhsul ixracı 29.4 faiz artıb. Qeyd edilib ki, festivalın keçirilməsində əsas məqsəd yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

İki gün davam edəcək festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək. Festival çərçivəsində beynəlxalq və yerli ekspertlərin iştirakı ilə somalye kursları da təşkil olunacaq, tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edərək məhsullarının dequstasiyasını keçirəcəklər.