İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti avqustun 28-də Mingəçevir şəhərində gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib.
Sputnik Azərbaycan bildirir ki, Mingəçevir şəhəri Kür çayı sahilində "Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı" mövzusunda keçirilən tədbirdə FHN-in Aran Regional Mərkəzinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili tədbir iştirakçılarına kiçikhəcmli gəmilərin təsnifatı, kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi haqqında geniş məlumat verib.
Əlili qeyd edib ki, istismara buraxılmamışdan əvvəl bütün gəmilər dövlət qeydiyyatından keçirilməli, onlar bort nömrəsi, gəmi bileti, texniki talonlarla təmin olunmalıdır. Bunun üçün isə xidmətə ərizə ilə rəsmi formada müraciət etmək lazımdır: "Bizim əməkdaşlarımız tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Mingəçevir şəhərinin artıq böyük bir turizm şəhərinə çevrilməsini nəzərə alaraq burada istismar olunan gəmilərin təhlükəsiz hərəkəti bizim diqqət mərkəzimizdədir. Biz çalışırıq ki, burada fəaliyyət göstərən gəmilərin texniki normaları qaydaların tələb etdiyi formada olsun. Bu il günün qaranlıq vaxtı hərəkət edən, hərəkət zamanı sürücülük vəsiqələri olmayan və xilasedici canlıqdan istifadə edilmədən hərəkətdə olan gəmilər haqqında 20-yə qədər İnzibati Xətalar Məcəlləsinin 310 və 311 –ci maddələrinə uyğun olaraq protokollar tərtib olunub".
A.Əlili tədbir iştirakçılarına kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları haqqında da məlumat verib.
Daha sonra Mingəçevir İcra Hakimiyyəti aparatının birinci ərazi dairəsi üzrə icra nümayəndəsi Rizvan Mikayıllı qeyd edib ki, Mingəçevir respublikanın mühüm əhəmiyyətə malik olan 4-cü şəhəridir: "Ölkə prezidentinin siyasətinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin inkişafına hər zaman dəstək oluruq. Hər bir sahibkar qanun çərçivəsində fəaliyyət göstərməlidir. Hər bir qurum da öz səlahiyyətlərini icra etməlidir".
R. Mikayıllı bildirib ki, İcra hakimiyyəti nümayəndələri dəfələrlə müxtəlif məsələrlə bağlı sahibkarlarla söhbətlər aparılıb.
Kiçikhəcmli gəmilərə və bazalara texniki nəzarət şöbəsinin rəisi daxili xidmət kapitanı Elçin Səfiyev bildirib ki, sentyabr ayının sonunda Azərbaycan Respublikası daxili su hövzələri üzrə region şöbəsinin ərazisində texniki baxış keçiriləcək. Kiçik həcmli gəmilərdən istifadə edən hər bir vətəndaş, gəmi sahibi gəmilərini texniki baxışdan keçirməyə borcludur. Və bununa bağlı sənədlərini təqdim etməlidir. Texniki baxışdan keçməyən kiçik həcmli gəmilərin istismarına qadağa qoyulacaq şəxslər inzibati məsuliyyətə cəlb olunacaqdır.
Tədbirdə FHN-in Aran Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət kapitanı Azər Mahmudov, qurumun maarifləndirmə sektorunun baş məsləhətçisi Anan Məmmədov və digərləri çıxış edərək, müzakirələrə qatıldılar.
Tədbirin sonunda sahibkarlara və gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər təqdim edilib.