Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Beyləqan şəhərinin avtobaza deyilən ərazisində Qədirov Anar Ələkbər oğluna məxsus ev yanıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə günorta saatlarında baş verib. Ailə başçısının bildirdiyinə görə, həmin vaxt işlə bağlı olaraq o, evdə olmayıb. Yanğın qısaqapanmadan başlayıb. Evdə olan həyat yoldaşı Könül Qədirova elektrik xəttini ayırsa da, yanğını söndürə bilməyib. Qadın uşaqları ilə birlikdə yanan evdən qaçaraq canını qurtarıb.
Nə qonşular, nə də FHN-in Yanğından Mühafizə briqadası yanğının qarşısının ala biliblər. Yanğın genişlənərək evi və onun əşyalarını külə çevirib. Anar Qədirovun 6 nəfərlik ailəsi hazırda qonşunun evində məskunlaşıb. Evin sığorta olunmaması yanan evin bərpasını müşkülə çevirib.
Ancaq buna baxmayaraq beyləqanlı ağsaqqal Mehman Əliyev sosial şəbəkə vasitəsilə rayon sakinlərini biçarə qalmış ailəyə dəstək olmağa çağırıb. Bank hesabı açaraq ailəyə yardım üçün ianə kampaniyasına başlayıblar.
Onu da qeyd edək ki, bir il öncə Beyləqan rayonunun Əlinəzərli kəndində də ev yanmışdı. Rayon sakinlərinin birgə fəaliyyəti, köməkliyi sayəsində ianə toplanmış, beş otaqlı ev yenidən tam təmir edilərək, əşyaları ilə birlikdə sahibinin istifadəsinə verilmişdi.