İQTİSADİYYAT

Trampın yeni tələbi: Pekin imperatorların borclarını ödəməlidir

Çin hökuməti isə inqilabdan əvvəl yaranmış borcları tanımır və onları ödəməkdən imtina edir
Sputnik

BAKI, 30 avqust — Sputnik. Tramp administrasiyası Pekindən hələ Çinin imperiya olduğu dövrdə buraxdığı istiqrazlar üzrə borclarını ödəməyi tələb etmək niyyətindədir.

Zindanla çəkicin ortasında: Amerika və Çin arasında seçim ediləcək

Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, Amerika lideri artıq sözügedən istiqraz vərəqələrinin sahibləri ilə görüşüb. Bildirilir ki, bu şəxslər Çindən bu istiqrazlar üzrə borclarını ödəməyi tələb edirlər.

Qeyd edək ki, XX əsrin ortalarında, yəni ölkədə imperatorların hökmranlıq etdiyi dövrdə Çin dəmir yollarının tikintisinə maliyyə vəsaiti cəlb etmək məqsədilə istiqrazlar buraxıb. Hazırda amerikalı kolleksiyaçıların çox sayda belə istiqrazlara sahib olduğu bildirilir. "Bloomberg" bildirir ki, bu istiqrazları hətta onlayn auksionlarda belə almaq olar.

Hesablamalara görə, inflyasiya, faizlər və kompensasiyalar nəzərə alınmaqla sözügedən istiqrazlar üzrə borclar üç trilyon dolları keçir.

Çin hökuməti isə inqilabdan əvvəl yaranmış borcları tanımır və onları ödəməkdən imtina edir.

Çin Xalq Respublikası və ABŞ arasında iqtisadi münaqişə 2018-ci ilin yayından etibarən davam edir. Belə ki, keçən il Vaşinqton Çindən idxal olunan və ümumi illik dəyəri 34 milyard dollar olan 818 növ mala 25 faizlik rüsum tətbiq edib. 

Tramp kosmosu "yeni hərbi əməliyyatlar səhnəsi" adlandırıb
Avqustda isə Tramp bəyan edib ki, ABŞ sentyabrın 1-dən etibarən Çindən idxal olunan 300 milyard dollar dəyərində mala 10 yox, 15 faizlik, eləcə də 250 milyard dollarlıq digər bir qrup mala 25 yox, 30 faizlik rüsum tətbiq edəcək.

ABŞ lideri bu qərarı Çinin Amerikadan idxal olunan və illik dəyəri 75 milyard dollar olan mallara əlavə rüsumlar tətbiq etməsindən sonra verib. Bildirilir ki, 5078 adda malı əhatə edən yeni rüsumlar sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minir. Bu addım özü də Vaşinqtonun bir müddət əvvəl 300 milyard dollarlıq idxalata tətbiq etdiyi 10 faizlik rüsumlara cavab olaraq atılıb. Vaşinqtonun da rüsumları sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minir.