CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzəri çirkləndirən obyektlər bağlanır

23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub
Sputnik

BAKI, 29 avqust — Sputnik. "Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan "məcburi göstəriş" verilib".

Xəzər gəmini uddu, "Tufan" həyat qurtardı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə Ibrahimova deyib. O bildirib ki, istirahət mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizə davam etdirələcək.

Nazirlik sözçüsü qeyd edib ki, Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar: "Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq. Vətəndaş olaraq özümüzün istirahət üçün üz tutduğumuz yerlərə müəyyən qədər biganəliyimiz də narahatedici məqamdır. Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt bir günlə yaşayırıq. Sabahı fikirləşmədən tullantılarımızı hara gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".