CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda reyd: "Avtoş"lar, sərxoş sürücülər saxlanıldı

Avtomaşını sərxoş halda idarə edən 14 sürücü, 4 avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən 355 piyada müəyyən olunub
Sputnik

BAKI, 29 avqust — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanlar jurnalistərin iştirakı ilə birgə dünən axşam saatlarında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Yol polisi tədbirlər görəcək – Böyük məbləğli cərimə gəlir

Xəbərdə bildirilir ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan ümumilikdə 1841, o cümlədən kobud qayda pozuntusuna yol verən 937 sürücü barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub. Çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 16 avtomobil, avtomaşını sərxoş halda idarə edən 14 sürücü, 4 avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən 355 piyada müəyyən olunub. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.