Pentaqonun son ümid çırpıntıları: Türkiyəni geri çağırır

"Həmin qaydalara görə, onlar sovet-Rusiya texnikasından canlarını qurtarmalı idilər, ancaq görünür ki, başqa istiqamətdə hərəkət edirlər"
Sputnik

BAKI, 28 avqust — Sputnik. Pentaqon rəhbəri Mark Esper ümid etdiyini bildirib ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərindən imtina etsə, F-35 proqramına qaytarıla və sifariş etdiyi təyyarələri ala bilər.

Sputnik-in məlumatına görə, Esper xüsusi olaraq qeyd edib ki, F-35 qırıcılarını almaq üçün Ankara S-400 proqramında iştirakını tamamilə dayandırmalıdır.

"Türkiyə çoxdan bizim əla partnyorumuz və müttəfiqimizdir. Ümid edirəm ki, onlar geriyə, bizim istiqamətdə addım atacaqlar və illər öncə NATO ilə razılaşdırılan qaydalarla davam edəcəklər. Həmin qaydalara görə, onlar sovet-Rusiya texnikasından canlarını qurtarmalı idilər, ancaq görünür ki, başqa istiqamətdə hərəkət edirlər", - Esper deyib.

Esperin bu açıqlaması Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ABŞ F-35-ləri satmazsa, Ankaranın onlara alternativ qırılar alacağını bəyan etməsindən sonra səslənib.

Avqustun 27-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgünlük səfərlə Rusiyaya gəlib. Moskva vilayətinin Jukovski aerodromunda keçirilən "MAKS 2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunda Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin Su-35 və Su-57 qırıcı təyyarələri ilə bağlı müzakirə aparıblar. Baxış zamanı Ərdoğan "Su-57" təyyarəsini almağın mümkün olub-olmadığını soruşub, Putin isə ona: "Ala bilərsiniz", - deyib.

Moskva, yoxsa Vaşinqton - Türkiyə kimi seçəcək?

Qeyd edək ki, S-400 sistemlərinə dair saziş Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Belə ki, Vaşinqton Ankaradan Rusiya istehsalı olan "S-400" komplekslərinin əvəzinə "Patriot" sistemlərini almağı tələb edib, əks halda isə Türkiyəni "F-35" layihəsindən çıxaracağı ilə hədələyib.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən sözügedən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.