CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su içində əldə edilən bərəkət: Tələbatımız var, imkanımız isə yox

Azərbaycanın yerli istehsalı təxminən illik 10 min ton civarındadır, amma tələbatımız illik 50-60 min ton civarındadır
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 23 milyon 562 min dollar dəyərində 28 min 123 ton düyü idxal edilib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun aylarında isə Azərbaycana 19 milyon 685 min dollar dəyərində 24 min tondan çox düyü idxal olunub. 2019-cu ilin yanvar-iyul ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,28%-ni təşkil edib.

Azərbaycanda taxıl sahələrində başlayan yanğın təbiət qoruğuna adladı

Bəs, ölkəmizdə düyü idxalından asılılığı azaltmaq üçün hansı işlər görülür və görüləcək?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanın düyüyə illik tələbatı 40 min ton civarındadır, bəzən isə mövsümə görə 50 min ton və ondan çox ola bilir: “Bayram günlərində düyüyə tələbat daha çox olur. Bu gün ölkəmizdə çəltikçilik kənd təsərrüfatının bir istiqaməti kimi yenidən inkişaf etdirilməyə başlanıb. Təxminən bizdə 1000-1100 hektar çəltik sahələri salınıb. Düyü əkini çox ağır sahədir və bu sahənin mexanikləşdirilməsi, müasir texnologiyalardan istifadə çox önəmlidir. Hələ ki, bizdə çəltik sahələri mexanikləşdirilməyib və ona görə bu, məhsuldarlığa da öz təsirini göstərir”.

“Burada torpaq və xüsusən də su resursları çox ciddi tələb olunur. Sırf su faktoruna görə bu gün ölkəmizdə çəltikçilik yalnız Lənkəran-Astara, Ucar-Ağdaş və Şəki bölgələrində inkişaf etdirilib. Digər bölgələrimizdə faktiki olaraq əkilmir. Ümumiyyətlə, çəltikçilik bizdə yeganə sahədir ki, sırf lokal xarakter daşıyır. Yəni bizdə pomidoru hər yerdə əkirlər, meyvəni hər yerdə yetişdirirlər, heyvanı hər yerdə saxlayırlar, amma çəltik haqqında bunu demək olmaz” – deyə o, qeyd edib.

Ekspert bildirib ki, "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" var: “Dövlət Proqramının həyata keçirilməsi çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40 s/ha olmaqla çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin 40 min tona çatdırılması gözlənilir”.

Onun sözlərinə görə, bu sahədə çox ciddi konseptual, fundamental işlərin aparılmasına ehtiyac var: “Burada əsas məsələlərdən biri də milli toxumçuluğun təmin olunmasıdır. Yeni elmi seleksiya nailiyyətlərinin əldə olunmasına, Azərbaycanda rayonlaşdırılmasına, güclü toxum ehtiyatının yaradılmasına çox böyük ehtiyac var. Hazırda əsasən İrandan toxumlar gətirilir. Amma Azərbaycan 7 ölkədən düyü alır. Yerli istehsal təxminən illik 10 min ton civarındadır, amma tələbatımız illik 50-60 min ton civarındadır. Hazırda yerli istehsal hesabına tələbatımızı ödəyə bilmirik. Kompleks tədbirlər həyata keçirilsə, yerli istehsal hesabına tələbatı ödəmək olar”.

Taxıl biçini zamanı kombayn verilməsində yeni qaydalar tətbiq ediləcək

Ekspert bildirib ki, Azərbaycanda çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub və bu da son illər əkin sahələrinin artmasına səbəb olub: “Bizdə indi fermerlərin ən çox ehtiyac duyduqları çəltik əkən və biçən kombaynların gətirilməsidir, Azərbaycanda olsa da, amma tələbatı ödəmir. Son illər Azərbaycanda çox yaxşı düyü nümunələri istehsal olunur, amma xırda təsərrüfatlarda istehsal olunan məhsullar rəqabətə dözə bilmir. Hazırda bizə düyü əsasən Pakistandan gətirilir, İrandan isə çox az idxal edilir. Xaricdən gətirilən düyülər yerli bazarı elə tutub ki, çox ciddi rəqabət mühiti yaranıb. Belə bir mühitdə milli düyü sortlarının bazarda mövqe tutması üçün çox ciddi addımlar atılmalıdır”.

“Təklif edirəm çəltikçilik sahəsinə daha çox subsidiya verilsin ki, bu sahə stimullaşsın. Eyni zamanda, su və torpaq təminatı olmalıdır ki, fermerlərimizin məhsulları bazarda ciddi rəqabətə dözə bilsin” – deyə o, əlavə edib.

Qeyd edək ki, Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdır.

Dövlət Proqramına əsasən, Azərbaycanda çəltikçiliyin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: rayonlar üzrə çəltiyin optimal əkin sahələrinin müəyyənləşdirilməsi; intensiv becərmə və mühəndis-suvarma texnologiyalarının tətbiqi hesabına çəltik istehsalının artırılması, bu sahədə yüksək səmərəliliyin təmin edilməsi; çəltikçiliyin müasir texnika və texnoloji avadanlıqlarla təminatının yaxşılaşdırılması; çəltikçilikdə növbəli əkin sisteminin tətbiq edilməsi; yüksək məhsuldar yerli və rayonlaşdırılmış xarici çəltik sortlarının keyfiyyətli toxumlarından istifadə edilməsi; çəltikçilik sahəsində fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi; emal potensialının gücləndirilməsi.