Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. Tərtər rayonunun Qaradağlı kənd sakini 1992-ci il təvəllüdlü Polad Əliyevi həyətində təsərrüfat işi görərkən ilan sancıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, ilan vuran şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona lazım olan tibbi yardım göstərilərək, zəhər əleyhinə zərdab vurulub.
Polad Əliyevin qohumu Zaur Hətəmovun bildirdiyinə görə, həkimlər bütün tədbirlərə baxmayaraq xəstənin müalicə üçün Bakı Toksikoloji Mərkəzinə aparılmasını məsləhət görüblər: “Həkimlər Poladı sancan ilanın gürzə olduğunu və zəhərlənmə riskinin daha çox olduğunu bildiriblər. Buna görə də, xəstənin Bakıda müalicə olunması məsləhət görüldü. Təyinata əsasən xəstəmizi Bakı Toksikoloji Mərkəzinə apardıq”.
Qohumunun bildirdiyinə görə, Polad Əliyev həyətdəki ağacın dibindən qab götürmək istəyərkən onu ilan sancıb.
Zaur Hətəmovun qeyd edib ki, xəstəni müalicə edən Mübariz həkim son bir ayda 15 nəfəri ilan sancdığını bildirib. Ancaq onları başqa – daha az təhlükəli ilanlar sancdığından, xəstələr Tərtər xəstəxanasında müalicə olunublar. Gürzə zəhərlənməsi təhlükəli olduğuna görə Polad Əliyev Bakı Toksikoloji Mərkəzinə göndərilib.