CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda zəncirlənən uşaq anasına qaytarılacaqmı?

Ana və digər iki övladı da psixoloji müalicə üçün digər sığınacağa yerləşdiriliblər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Bakıda anası tərəfindən zəncirlənən uşaq dövlət sığınacağında psixoloji müalicə alır.

Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib. O bildirib ki, bununla yanaşı, ana və digər iki övladı da psixoloji müalicə üçün digər sığınacağa yerləşdiriliblər.

"Polisin işidir, mənə nə..." deyib keçməyin

R.Süleymanzadə anası tərəfindən zəncirlənən uşağın cəmiyyətə reinteqrasiyası, psixoloji müalicəsi ilə yanaşı, sığınacaqda sosial problemləri istiqamətində də tədbirlər həyata keçirildiyini, onun geyim və qida ilə təmin edildiyini söyləyib. Komitə səlahiyyətlisi uşağın anaya verilib-verilməyəcəyi barədə indidən qəti fikir söyləməyin mümkün olmadığını bildirib: "Bu faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Hadisəyə hüquqi qiymət verildikdən sonra uşağın anaya qaytarılıb-qaytarılmayacağı məlum olacaq".

R.Süleymanzadə onu da qeyd edib ki, övladını zəncirləyən qadın üç uşaq anasıdır. Onun digər iki övladı anasının himayəsində yaşayır. Uşaqların üçü də oğlandır".

Zəncirlənən uşağın çətin tərbiyə olunan uşaq olması, onun mütəmadi olaraq anası tərəfindən döyülməsinə dair yayılan məlumatlara aydınlıq gətirən R.Süleymanzadə bunların hələ ki öz təsdiqini tapmadığını bildirib: "Biz anası tərəfindən zəncirlənən uşaqla görüşüb söhbət aparmışıq. Uşağın psixoloji travma aldığı davranışlarında hiss olunur. Odur ki, dövlət sığınacağında uşağın cəmiyyətə reinteqrasiyası, psixoloji müalicəsi istiqamətində işlər davam etdirilir".