İQTİSADİYYAT

Azərbaycanda ət bahalaşacaqmı?

İl ərzində Azərbaycana ət idxalının həcmi 12 faizdən çox artıb. Bununla yanaşı, idxal olunan bu məhsulun qiyməti də artaraq bir kiloqram üçün 1,5 dollar səviyyəsində qərarlaşıb
Sputnik

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Əvvəlki illərlə müqayisədə bu il Qurban bayramı zamanı qoyun ətində bahalaşma müşahidə olunmasa da, ölkəyə idxal olunan ətin qiymətində müəyyən artım olub. İlk baxışda elə görünə bilər ki, bu, daxili bazarın sabitliyi üçün faydalıdır, lakin bəzi faktorlar var ki, onlar ətin bahalaşmasına səbəb ola bilər.

Sputnik Azərbaycan bildirir ki, hazırda Bakıda pərakəndə satışda qoyun əti alarkən bir kiloqram üçün 12,5-13,5 manat və ya daha çox ödəmək lazım gəlir. Ətin qiyməti onun qoyunun cəmdəyinin hansı hissəsindən kəsildiyindən və hətta satış nöqtəsinin harada yerləşməsindən asılı olaraq dəyişir.

Özgə dərisində axsamaq - evdəkini çürüdürük, xaricidən "kral" düzəldirik

Bu rəqəmlər artıq son beş-altı aydır ki, dəyişilməz olaraq qalıb, lakin Azərbaycanda istehlak bazarının ətin idxalından artan asılılığını nəzərə alsaq, bu məhsulun pərakəndə satış qiymətinin bundan sonra da sabit qalacağını iddia etmək düzgün olmazdı.

Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilmiş məlumata görə, 2019-cu ilin yanvar-iyul aylarında respublikaya ət idxalı 28,804 min tona çatıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 3,117 min ton və ya 12,1 faiz çoxdur.

Azərbaycanda ət bahalaşacaqmı?

İdxalçılar adıçəkilən bu 29 min tona yaxın ət üçün 43,329 milyon dollar, yəni keçən il ilə müqayisədə 5,502 milyon dollar və ya 14,5 faiz çox ödəməli olublar. Bu o deməkdir ki, 2018-ci il avqustun əvvəlindən bu günədək olan bir illik müddət ərzində Azərbaycana gətirilən ətin hər kiloqramının qiyməti orta hesabla 1,47 dollardan (2,5 manat) 1,5 dollara (2,55 manat) artıb.

Lətifələrə ünvan olan peşənin sahibi medallar alır - ibrətamiz həyat hekayəsi>>

Azərbaycanda ətin istehsalına gəldikdə isə qeyd olunur ki, bu ilin yeddi ayı ərzində ölkədə 186,5 min ton ət istehsal olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu rəqəm 2018-ci il üçün olan göstəricilərdən 2,7 faiz çoxdur.

Yəni ət idxalının artım tempi bu məhsulun istehsalını dörd dəfədən çox üstələyir. Buna görə də idxal olunan ətin bazar payı il ərzində 12,5 faizdən 13,2 faizədək artıb. Nəticə etibarilə isə idxal olunan ətin qiymətinin daxili bazara təsiri də artır.

Azərbaycanda bəzi məhsulların qiyməti dəyişib – SİYAHI

Bundan başqa, bu il maaşların və pensiyaların artması, çox güman ki, istehlak qiymətlərinin artmasına təsir göstərəcək, belə ki, gəlirin artması birmənalı olaraq tələbatı stimullaşdırır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında ətin qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb. 2018-ci ilin yeddi ayı ərzində qiymətlərin illik dəyişmə dinamikası 1,1 faiz təşkil edib. Bu rəqəmlər hətta 2019-cu ilin yanvar-iyul ayları üçün ölkə üzrə inflyasiya templərindən də aşağıdır (2,7 faiz).

Bununla da, xarici bazarlarda ətin qiymətinin artması onun respublikamızın istehlak bazarında bahalaşmasına səbəb ola bilər. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci il ərzində Azərbaycana 47,399 min ton ət idxal olunub. İdxal olunmuş ətin dəyərinin 70,075 milyon dollar və ya hər kiloqrama görə 1,48 dollar olduğu bildirilir.