İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 24 avqust — Sputnik. Avqustun 23-də axşam saatlarında Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında başlayan yanğın genişlənməkdədir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, hazırda 30 ha ərazidə kolluqlar, dağətəyi ərazi tamamən yanıb. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.
Havanın küləkli olması və çətin keçilən sıx meşəlik yanğının söndürülməsinə ciddi əngəl yaradır. Hazırda yanğın Qəbələ rayonunun Solquca, Kötüklü kəndlərindən Oğuz istiqamətinə "irəliləyib", bu gün səhər saatlarından etibarən Oğuzun dağlıq meşəlik ərazisi də od tutub.
Yerli əhali də yanğınların söndürülməsində FHN işçilərinə kömək göstərməyə çalışır.