CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səngərsiz əsgərlərimizin döyüş hazırlığını sınadılar

Atıcılıq kompleksindəki praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak ediblər
Sputnik

BAKI, 24 avqust — Sputnik. "Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlamışdı".

"Polisin işidir, mənə nə..." deyib keçməyin

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev danışıb.

O bildirib ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildirib.

"Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil edib. Azərbaycan polisi səngərsiz əsgərdir".

E. Hacıyev həmçinin qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub. Belə ki, idarənin şəxsi heyəti müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb edilərək döyüşə hazırlıq vəziyyəti yoxlanılıb. Bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb.

"DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsində məqsəd fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak ediblər", - deyə o qeyd edib.

Xatırladaq ki, atıcılıq kompleksinin tirləri tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.