CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərs ili yaxınlaşır: Yarmarkalar var, amma alıcı hələ gəlmir

Satıcı bildirir ki, dərs ilinin başlanmasına az qalmış qiymətlər bir az da artır. Bu səbəbdən də məktəb bazarlığına iyul ayının sonlarından başlamaq lazımdır
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Dərs ili yaxınlaşır: Yarmarkalar var, amma alıcı hələ gəlmir
Yarmarka çadırları Bakı metropoliteninin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

Sputnik Azərbaycan-ın əməkdaşı məktəbli yarmarkalarında olub, qiymətlərlə maraqlanıb.

Satıcıların sözlərinə görə, yarmarkalar artıq 5-6 gündür fəaliyyət göstərir. Yeni dərs ilinə xeyli vaxt qaldığından, alver də yoxdur: "Vətəndaşlar yaxınlaşır, qiymətlərlə maraqlanır, çıxıb gedirlər. Bəlkə yeni tədris ilinin başlanmasına hələ 1 aya yaxın zaman var, onun üçün belədir. Bəlkə də vətəndaşı qiymətlər razı salmır. Dəqiq bilmirik. Bircə onu deyə bilərik ki, alıcı yoxdur".

Dərs ili yaxınlaşır: Yarmarkalar var, amma alıcı hələ gəlmir

Qeyd edək ki, yarmarkada dəftər 0,12-0,80 qəpik, qələm 0,20 qəpik – 1 manat, sadə qələm 0,30-0,50 qəpik, qələmyonan 0,50-0,80 qəpik, xətkeş 0,50 qəpik – 1 manat, pozan 0,60 qəpik – 1manat, marker 2-5 manat, su qabları 5-20 manat, sulu boya 3-10 manata satılır.Satıcı Valeh Quliyev deyir ki, yarmarkalarda məhsulların keyfiyyəti digər satış mərkəzlərindən daha yaxşıdır. Qiymətlər isə müqayisə edilərsə, yarmarkalarda daha ucuzdur: "Məsələn məktəbli çantalarının qiyməti 10 manatdan başlayır. Ən bahalı çanta 50 manatdır. Ancaq digər satış mərkəzlərində qiymətlər daha bahadır. Müqayisə üçün götürsək, yarmarkalardakı məhsulların qiyməti kiçik məhsullarda 10-50 qəpik, böyük məhsullarda isə 4-5 manat daha ucuzdur".

Satıcı bildirir ki, dərs ilinin başlanmasına az qalmış qiymətlər bir az da artır. Bu səbəbdən də məktəb bazarlığına iyul ayının sonlarından başlamaq lazımdır: "Hazırda normal bazarlıq üçün 200 manat kifayətdir".

Dərs ili yaxınlaşır: Yarmarkalar var, amma alıcı hələ gəlmir

Məktəbli çantalarının qiyməti isə istehsal olunan ölkədən asılı olaraq dəyişir. Belə ki, Çin istehsalı olan çantalar 20-30 manata, Türkiyə və digər ölkələrdən gətirilmiş çantaların isə ucuzu 30 manata, bahalısı isə 200 manata satılır.

Bəzi alıcılar bazar qiymətləri ilə razılaşsa da, digərləri qiymətlərin onların büdcəsinə uyğun olmadığını deyirlər.

Bakı sakini Nigar Şirinovanın övladı bu il birinci sinfə gedəcək. Övladına hər şeyin keyfiyyətlisi, amma ucuzunu almaq istəyən valideyn bazar qiymətlərindən narazıdır: "Demirəm bahalıqdır, sadəcə ucuz olanlar çox keyfiyyətsizdir. Belə düşünürəm ki, çox pul xərcləməli olacağam. Keyfiyyətli məhsul bahadır. Hər şeyin yaxşısını almaq üçün ən azı 250 manat xərcləmək lazımdır".

Digər sakin Günay Məhərrəmova isə qeyd edir ki, qiymətlərdən narazı deyil. Onun sözlərinə görə, uşaqları üçün istədiyi ləvazimatları alıb: "Mənim uşaqlarım yuxarı siniflərdə oxuyurlar. Bu səbəbdən də çox ləvazimata ehtiyac qalmır. Hərəsi üçün 150 manat xərcləyərək, istədiyim hər şeyi ala bilmişəm".

Qeyd edək ki, məktəb yarmarkaları bütün metrostansiyaların yaxınlığında yaradılıb.