BAKI, 24 avqust — Sputnik. Latın Amerikası Amazoniya yanğınlarının tüstüsündən boğulur. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 600-dən çox Braziliya sakini həkimə müraciət edib. Onlar arasında çox sayda uşaq var.
Qatı tüstü bir neçə Latın Amerika ölkəsini bürüyüb. Regionun ən böyük ölkələrindən hesab edilən Braziliyada 70 mindən çox yanğın qeydə alınıb. Bəzi ölkələrdə tüstü o qədər çoxdur ki, hava gündüzlər də gecə kimi qaranlıqdır. Tibb işçilərinin sözlərinə görə, təcili yardıma müraciətlərin sayı 2 dəfə artıb.
"Hər şey pisdir. Tüstüdən nəfəs almaq olmur. Bizim ağciyərlərimiz dağılır. Daha çox uşaqlar əziyyət çəkirlər", - deyə yerli sakinlərdən biri bildirib.
Amazoniya meşələrini qorumaq üçün bir neçə ölkənin əhalisi ayağa qalxıb. Belə ki, Peruda, Argentinada və Braziliyada geniş miqyaslı etiraz aksiyaları keçirilir.
Latın Amerikası etirazlarına dünyanın digər yerlərində də dəstək verilir. Londonda Braziliya səfirliyinin binası qarşısına təbiəti qoruyan fəallar yığılıblar. Onlara hind tayfalarının nümayəndələri də qoşulublar.
Sibir yanğınlarının kosmosdan çəkilmiş şəkilləri yayılıb>>
İnsanlar hakimiyyəti yanğınların söndürülməsi üçün yetərincə tədbirlər görmədiyinə görə ittiham edirlər.
Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaru etiraf etmişdi ki, bunun üçün vəsait yoxdur. Daha sonra isə ölkə başçısı ordunun yanğınlarla mübarizəyə cəlb edilməsi barədə əmr imzalamışdı.
"Hərbi qüvvələr federal təbiət qoruqlarının ərazisində, yerli xalqların torpaqlarında və dövlət sərhədi yaxınlığında baş verən yanğınlarla mübarizə aparacaqlar. Hərbçilər ekoloji cinayətlərə qarşı profilaktik və repressiv tədbirlərdə də iştirak edəcək və bölgədəki asayişi izləyəcəklər", - deyə o bildirib.