İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 23 avqust — Sputnik. İki gündür Ağsu rayon meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov ümumilikdə 30-35 hektar ərazinin yandığını bildirib: “Hazırda közün söndürülməsi işləri davam edir. Baş vermiş yanğınla əlaqədar qonşu rayonlardan da kömək gəlib. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Göyçay rayonlarının yanğınsondürənləri ərazidədir. Bununla yanaşı, Şamaxı Mülkü Müdafiə Korpusunun əməkdaşları yanğınla bağlı torpaqlama işlərində köməklik edir”.
İqbal Mikayılov onu da qeyd edib ki, havanın küləkli olması nəticəsində yanğın İsmayıllı ərazisinə də keçib və hazırda həmin ərazidə helikopterlərlə söndürmə işləri aparılır.