BAKI, 23 avqust — Sputnik. Çin cavab tədbiri olaraq dəyəri ildə 75 milyard dollar olan Amerika mallarının idxalına əlavə rüsumlar tətbiq edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Çin Dövlət Şurasının tarif komitəsi yaydığı məlumatında bəyan edib.
"Çin Xalq Respublikası Dövlət Şurasının tarif komitəsi 75 milyard dollar dəyərində Amerika mallarının idxalına 10 və 5 faiz həcmində əlavə rüsumlar tətbiq etmək qərarına gəlib", - məlumatda deyilir.
Əlavə rüsumlar Pekin vaxtı ilə sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minirlər.
Bu addım ABŞ-ın dəyəri 300 milyard dollar olan Çin mallarına 10 faizlik rüsum tətbiq etməsinə cavab olaraq atılıb.
Qeyd edək ki, Amerikanın tətbiq etdiyi rüsumlar da sentyabrın 1-i və dekabrın 15-i qüvvəyə minir.