BAKI, 22 avqust — Sputnik. ABŞ çətin ki, Ümumdünya Ticarət Təşkilatından (ÜTT) bu yaxınlarda çıxsın. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin ticarət danışıqları üzrə şöbəsinin keçmiş rəhbəri Maksim Medvedkov deyib.
Onun fikrincə, Amerika ÜTT-dən yalnız ölkənin iqtisadi konsepsiyasında dəyişiklik baş verməsi halında çıxa bilər.
ÜTT beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələr arasında ticarət-siyasi münasibətlərin tənzimlənməsi məqsədilə yaradılıb. Hazırda 164 ölkə təşkilata üzvdür.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp ölkəsinin ÜTT-dən "lazım olduğu halda" çıxa biləcəyini deyib. O iddia edir ki, təşkilatın qaydaları yalnız digər ölkələrə ABŞ-dan "istifadə edərək" varlanmaq imkanını verir. Tramp xüsusilə Çini qeyd edib. O, həmçinin Çinin ÜTT-yə qəbul olunmasını "dəhşətli səhv" adlandırıb.
"Mən ABŞ-ın ÜTT-dən yaxın perspektivdə çıxacağına inanmıram, çünki ABŞ iqtisadiyyatı qlobal iqtisadiyyatın üzərində qurulub. Bu ABŞ-ın iqtisadi inkişaf konsepsiyasının dəyişməsi halında mümkündür, lakin hazırda biz bunun əlamətlərini görmürük", - Medvedkov deyib.
Onun fikrincə, ABŞ-ın təşkilatdan çıxması halında belə "biz bir neçə il geriyə qayıdacağıq və bu, o demək olacaq ki, ÜTT dünya ticarətinin 96 faizini yox, 80 faizini idarə edəcək".