CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Relax"la bağlı daha bir xəbər: On minlərlə işıq borcu olub

"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev dünən həmin borcun istirahət mərkəzinin rəhbərliyi tərəfindən ödənildiyini bildirib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bir neçə gün öncə "Relax" istirahət mərkəzində baş verən insidentdən sonra mərkəzlə bağlı yeni məlumatlar yayılır. Sputnik Azərbaycan-ın Publika.az-a istinadən məlumatına görə, "Relax"ın "Azərişıq"a 30 min manat məbləğində borcu olub. Borc isə istirahət mərkəzinin məsul şəxslərinin indiyədək "Azərişıq"ın əməkdaşlarına sayğaca baxış keçirməyə icazə verməməsi nəticəsində yaranıb.

Bakının bəzi ərazilərində işıq olmayacaq

Sputnik Azərbaycan-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T. Mustafayev bildirib ki, "Relax" istirahət mərkəzinin "Azərişıq" ASC-ə 30 min yox, 25 min manat borcu olub. Dünən həmin borc istirahət mərkəzinin rəhbərliyi tərəfindən ödənilib. T. Mustafayev bildirib ki, istirahət mərkəzləri və digər bu tip iaşə obyektlərinin elektrik enerjisi sərfiyyatı ilə bağlı borcunu ödəməkdən boyun qaçırması mümkün deyil: "Bizim qurumun əməkdaşlarının bunun üçün əlində əsas rıçaqı var. Əgər obyekt sahibi elektrik enerjisinə olan borcu ödəməkdən boyun qaçırdırsa, bu zaman həmin obyektə verilən elektrik enerjisi kəsilir".

Qeyd edək ki, "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər həbs edilib və faktla bağlı cinayət işi açılıb.