Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 21 avqust — Sputnik. Hirkan Milli Parkının dağlıq ərazilərində başlayan yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 ha ərazini əhatə edir. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, mürəkkəb relyef ərazidə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 nəfərdən ibarət canlı qüvvəsi, 21 texnikası, 2 helikopteri və 1 amfibiya təyyarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında yanğının başvermə səbəbi kimi insan faktoru istisna edilmir: “Yanğın ərazisində "DT-75" traktorları vasitəsilə yanğının çərçivəyə alınması məqsədilə şumlama işləri görülür. Milli Parkın ərazisi kənar təsirlərdən uzaq olduğuna görə quru ot örtüyü xeyli miqdarda olduğundan yanğının yayılma prosesi baş verib. Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları birgə yanğını artıq çərçivəyə ala biliblər. Qısa müddətdə yanğının söndürülməsini təmin edəcəyik. Yanğın söndürülməsi zamanı iştirak edənlərdən də heç bir şəxs xəsarət almayıb”.
A.Qaraşov meşə sahələrinə yaxın sahələrdə, Milli parkların və qoruqların sərhədlərində yaşayan sakinlərə müraciət edərək bildirdi ki, odla ehtiyyatlı davransınlar: “Meşə sahələrinə, Milli parklara daxil olarkən yanğın törədən vasitələrdən istifadə etməyin! Məsləhətdir ki, belə hallar baş verdikdə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına vaxtında məlumat versinlər və özləri də bu yanğınların söndürülməsində iştirak etsinlər”.
Qeyd edək ki, ərazidə yanğın davam edir. Hazırda faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Lənkəran Şəhər Polis Şöbəsi birgə araşdırmalara başlayıb.