Yeni mərhələ başladı – Direktor ola bilərsiz

Cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib
Sputnik

BAKI, 21 avqust — Sputnik. Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən xəbərə görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.