Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 avqust — Sputnik. Son iki gündür ki, paytaxtda isti hava şəraiti müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda paytaxtda 38 dərəcə isti müşahidə olunur. Sosial şəbəkələrdə isə qızmar istidə açıq havada işləyənlərin olmasına dair qınaq əsaslı məlumatlar yayılır.
Sputnik Azərbaycan hazırki hava şəraitində açıq havada işləməyin doğru olub-olmadığını araşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza verilən cavabda bildirilir ki, havanın temperaturunun 41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir: "Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindəndir".