BAKI, 21 avqust — Sputnik. ABŞ əvvəllər orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilənin qadağan etdiyi radiusa malik, hipersəs sürətli ballistik raket hazırlayır.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ-ın Quru qoşunları naziri vəzifəsini müvəqqəti icra edən Rayan Makkarti deyib.
"(Müqavilənin yasaq etdiyi) orta və yaxın mənzilli raketlərin təsir radiusuna gəlincə, indi biz müqavilədə iştirak etmədiyimizə görə, ilk növbədə harada imkanlar əldə edə biləcəyimizə baxırıq. Biz raket proqramı yolu ilə gedirik. Təbii ki, hipersəs sürətli raketlər. Əgər siz ballistik döyüş başlığını yüngül hipersəs sürətli raketə yerləşdirsəniz, o zaman bu, müqavilə çərçivəsindən çıxacaq. Biz bu cür imkanlar axtarırıq", - Vaşinqtonda Demokratiyanı Müdafiə Fondunda çıxışı zamanı Makkarti deyib.
Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib.
"O, nədən danışdığını bilmir" – amerikalı ekspertdən Trampın raket iddiasına cavab>>
Saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və yaxın mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.
2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.