MƏDƏNİYYƏT

Lənkəran teatrı Tehranda faciə göstərdi - FOTO

Lənkəran aktyorları iranlı dramaturq Bəhram Beyzayinin "Senemar" faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər
Sputnik

BAKI, 20 avqust — Sputnik. Lənkəran Dövlət Dram Teatrı İranda səfərdə olub.

Sputnik Azərbaycan xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə" Milli Teatr Festivalında iştirak edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-nə kimi davam edən festivalda Lənkəran aktyorları iranlı dramaturq Bəhram Beyzayinin "Senemar" faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

Festival iştirakçıları tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Qeyd edək ki, festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.