BAKI, 20 avqust — Sputnik. İranın yeni hava hücumundan müdafiə sistemi "Bavar-373" ölkənin silahlı qüvvələrində istifadə üçün hazırdır.
Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin Müfəttişlik Şöbəsinin rəisi, 2-ci dərəcəli briqada generalı Səyid Şabanian bəyan edib.
"Bavar-373" Rusiya istehsalı olan "S-300" sisteminin İranda layihələndirilmiş versiyasıdır. Lakin bu sistemin "S-300"lərlə müqayisədə daha üstün olduğu iddia olunur.
"Bavar-373" sistemi 200 km diapazon daxilində 27 kilometrədək hündürlükdə uçan hədəfləri vura bilir.
İran Müdafiə Nazirliyinin rəsmiləri həmçinin qeyd ediblər ki, "Bavar-373" sisteminin yoxlamaları uğurla başa çatıb.
Müdafiə naziri briqada generalı Əmir Hatəmi isə bildirib ki, "Bavar-373" sisteminin təqdimatı avqustun 22-də baş tutacaq.