Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin avtobuslarımızın sərhəd-keçid məntəqələrində yoxlama prosedurları iki dəfə azaldılıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
N. Allahyarovanın sözlərinə görə, indiyədək Azərbaycandan Naxçıvana avtobusla gedən sərnişinlərin yükləri gömrük postlarında dörd dəfə yoxlamadan keçirilirdi. Bundan sonra isə İranla əldə edilən razılaşmaya əsasən, sərnişinlərin çantaları bir dəfə yoxlanılacaq: "Bakı Beynəlxalq Avtovağzalında yoxlamadan keçirilən çantalar möhürlənəcək və bir də Naxçıvanda açılacaq. Azərbaycan tərəfinin təklifi əsasında Qafqazda ilk dəfə reallaşdırılan bu layihə, sərnişindaşımada rahatlığın təminatına və gömrük postlarında sıxlığın aradan qaldırılmasına yönəlib. Yüklərə gömrük keçid məntəqələrində müdaxilə olunmaması sərnişinlərin rahatlığı ilə yanaşı, vaxt itkisini də aradan qaldıracaq".