CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə yayılan yalan məlumata aydınlıq gətirildi

DİN özünü zərərçəkmiş elan edən qadının qərəzli məlumatlar yaydığını, oğlunun törətdiyi hüquqazidd əməli ört-basdır etmək istədiyini bildirib
Sputnik

BAKI, 19 avqust — Sputnik. Sosial şəbəkələrdə Bakı şəhər sakini Mehriban Məmmədxanova oğlunun idarə etdiyi motosikletin "Ford" markalı avtomobil tərəfindən vurulmasını və həmin avtomobilin hadisə yerindən qaçdığını, o cümlədən polis əməkdaşları tərəfindən işin düzgün araşdırılmadığını qeyd edir.

İki rayona yeni polis rəisləri təyin olunub

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin verdiyi məlumatda bildirilib ki, vətəndaş M.Məmmədxanovanın sosial şəbəkədə səsləndirdiyi iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur.

Belə ki, avqustun 7-də Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində vətəndaş Məhəmməd Məmmədxanov sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Hajoe" markalı motosikletlə sürücü Yasəf İbadovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillə toqquşub. Nəticədə M.Məmmədxanov yüngül xəsarətlər alıb.

Faktla əlaqədar dərhal Xətai RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, sürücü Y.İbadovun izahatı alınıb, məhkəmə-tibbi və yol-nəqliyyat ekspertizaları təyin edilib.

Qeyd edilib ki, M.Məmmədxanov hadisə yerinin müayinəsi aparılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, araşdırma zamanı izahat verməkdən və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina edib, hadisə yerinə gəlmiş anası Mehriban Məmmədxanova isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib.

Polis də boğaza yığıldı - nəzir verib, uşaqlarınızdan olmayın

M.Məmmədxanov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə toplanmış material rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə ona 200 manat məbləğində cərimə təyin edilib.

Məhkəmə iclasında M.Məmmədxanov yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini və müayinə zamanı əsəbi olduğundan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığını etiraf edib.

Videodan da görünür ki, vətəndaş M.Məmmədxanovanın bu cür qərəzli məlumatlar yayması, oğlunun törətdiyi hüquqazidd əməli ört-basdır etmək üçün uğursuz cəhddir.