BAKI, 17 avqust — Sputnik. Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Z.Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə birgə poliqonda təşkil olunan “Dostluq evi”nə gəliblər.
Burada onlar iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.
Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.