CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis də boğaza yığıldı - nəzir verib, uşaqlarınızdan olmayın

Dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə - nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır
Sputnik

BAKI, 17 avqust — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib.

Məlumatda deyilir ki, paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər oldu. Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildilər, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi.

Qaraçı körpələrini yuxuya aparan ilginc səbəb

Baş verən əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyi aktuallaşmalıdır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var. Əmək qabiliyyəti olan, ancaq haradasa işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakı müşahidə olunmaqdadır.

İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə, polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub. Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olsunlar, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar.

Dövrümüzün səfilləri - Onları qaytarmaq üçün hələ şans var>>

Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir. Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər.

Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluq edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onların duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq "nəsə probleminiz var, nəsə gözləntiniz var", deyə müraciət edir, "kömək" təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. "Vəziyyətdən çıxış yolu var" deyib, müxtəlif magik-dini jarqonlarla insanları ələ almaqla onları talayırlar.

Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə kirayəyə verir, ödəniş müqabilində qazanc əldə edirlər. 

Yollarımızın tacsız mafiyası - kələkləri pulumuzu balta kimi kəsir
Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar.

Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara "nəzir" verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaq. Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökumət təşkilatlarını, mətbuatı – qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatlandırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq.