CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lətifələrə ünvan olan peşənin sahibi medallar alır - ibrətamiz həyat hekayəsi

"Oradan gələndən it nə yemək yedi, nə də su içdi. Səhər oyandıq ki, gözündə yaş, ölüb Layka..."
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Müasirləşib çobanlığı bir peşə kimi yadırğasaq da, dərs oxumayan uşaqları çoban olacaqlarıyla qorxuduruq. Yəni əksəriyyət üçün çoban - savadsızlıq, avamlıq rəmzidir. Amma lətifələrimizdəki çobanlar həmişə hazırcavab, ağıllı, işbiləndirlər. Elə təsadüfən rastlaşdığımız həmsöhbətimiz kimi.

Azərbaycanda ilk dəfə keçirilən festival üz ağartdı

Bir müddət öncə Sputnik Azərbaycan-ın bölgə müxbiri olan bəndəniz Beyləqana qonaq gedirdi. Yolda avtomobilimiz xarab oldu. Bu yer magistral yoldan xeyli uzaq idi. Çarəsiz kömək gözləyirdik. Bir ağsaqqal yaxınlaşdı, bizi fermalarına qonaq dəvət etdi. Ailə o qədər mehriban idi ki, sanki illərdir bizi tanıyırdılar. Söhbət əsnasında ağsaqqalın adının Balaxan Əzimov olduğunu öyrəndik.

Altı yaşından çobanlıq edən Balaxan baba həyat hekəyəsini bizə danışdı: “Evdə dörd qardaş olmuşuq. Atam İkinci Dünya Müharibəsində yaralanıb və tezliklə vəfat edib. O, dünyasını dəyişəndə 2 yaşım vardı. Balaca qardaşım isə anamın bətnində idi. Yetimlik 6 yaşından çobanlığa öyrətdi bizə. Anam bizi - evin balacalarını oxutmaq üçün məktəbə qoydu. Böyük qardaşlarımızı isə bizi dolandırmaları üçün fermaya, heyvandarlıqla məşğul olmağa yolladı. Mən isə ilk məktəbə getdiyim günü dərsdən qaçıb heyvanın yanına getdim. Və bu günə qədər də bu işimi çox sevirəm”.

Lətifələrə ünvan olan peşənin sahibi medallar alır - ibrətamiz həyat hekayəsi

Qəhrəmanımızın fikrincə, çobanlığın ən müsbət cəhəti insanı sağlam saxlamaqdır: “İlk çobanlığa başlayan vaxtım idi. O qədər soyuqlamışdım ki, burnumdan qan açılmışdı. Yadımdadır, heç kim qanı saxlaya bilmirdi, sonra dayım dəvə yununu yandırıb burnuma tutdu. Son xəstələnməyim o oldu. Allaha şükür, bu yaşımacan ciddi xəstəlik keçirməmişəm. Səbəb isə arandan-dağa, dağdan-arana gəzməyimiz idi. Elə günümüz olurdu, həftə ilə yol gedirdik. Biz Kəlbəcər dağlarının buz kimi bulaqlarından içib, təmiz havasından udub, qoyunumuzu otarardıq. Bu da bizə sanki dərman idi. Ona görə də heç xəstələnməzdik”.

Balaxan baba vəfalı dostundan da söz açdı bizə, gözləri yaşardı, sonra özünü toparlayaraq söhbətinə davam etdi: “Bilirsiniz ki, qoyunu olanın mütləq iti də olmalıdır. Mənim indiyədək çox itim olub, ölüb. Amma Layka, həqiqətən, mənə dost, sirdaş olub. Onunla bağlı bir hadisəni sizinlə bölüşmək istərdim. Biz Kəlbəcərin “Sarıyer“ adlanan yaylağında idik. Artıq ermənilərlə aramızda qarışıqlıq düşmüşdü. Dedilər ki, ara qarışıb və biz həmin ərazini tərk etməliyik. Qardaşımgil Kəlbəcərin Gəlinqaya adlanan ərazisində idilər və oranın daha təhlükəsiz olduğunu nəzərə alıb, bizi də zorla oraya daşınmağa vadar etdilər. Biz gecə Gəlinqayaya çatdıq və gördüm ki, Layka yoxdur”.

Balaxan baba burada hönkürtü ilə ağladı: 

“Nə qədər axtarsaq da, tapa bilmədik. Anladım ki, itlər elinə-obasına sadiq olur. Və mən gecəylə ailəmizin təkidinə baxmayaraq atı minib qayıtdım Sarıyerə. Qardaşlarım dedilər ki, “getsən, sağ qayıtmaya bilərsən”. Mənsə ancaq Laykanı düşünürdüm. Sanki bir körpəmi qoyub gəlmişdim. Saatlarla yol gəldim, gördüm ki, vəfalı dostum yatıb yurdumuzda. İtin başına ip bağlayıb apardım. Bir neçə gün sonra eşitdik ki, həmin yerlər işğal olunub. İnanın, oradan gələndən it nə yemək yedi, nə də su içdi.  Səhər oyandıq ki, gözündə yaş, ölüb Layka...”

Yaşlı çoban dağlarda olduğu müddətdə dəfələrlə oğrular tərəfindən basqınlara məruz qaldıqlarından da danışdı: ”Biz elə olurdu ki, arandan dağa yarım aya gedib çıxırdıq. Bəzən gecələr çox qorxulu olurdu. Yorulurduq, dincəlmək istəyirdik. Elə yorğun olduğumuz məqamlarda hərdən basqınlara məruz qalırdıq. 5-6 oğru balaca dəstə düzəldib biz keçəcəyimiz yollarda kəndirdən tələ qururdu. Qoyunun ayağı keçirdi həmin tələyə. Onlar da ayağından çəkib aparırdılar. Bax beləcə, çətinliklərdən keçə-keçə heyvanımızı otarırdıq”.

Balaxan babayla çiyin-çiyinə min əziyyətə qatlaşan həyat yoldaşı Gülayə Əzimova da əzablı günlərindən bizə danışdı: “Balaxan mənim əmim oğludur. Bir gün əmimiz gəldi ki, səni Balaxana məsləhət bilirik. Mən də böyüklərin məsləhəti ilə razılaşdım və 16 yaşında ərə gəldim. 

Azərbaycandan gedən Smit ailəsinin qatilinə ağır cəza verildi
Həyat yoldaşım körpəlikdən yetimliklə böyümüşdü deyə mən hər zaman onun arxasında olmağa çalışmışam. İnanın, elə vaxt olub, Kəlbəcərdə olanda kişilərimiz qoyunu dağa çıxarıblar, külfətləri evdə qalıb. Hətta ağır xəstə yatdığım vaxt da qoymamışam Balaxan bilsin və narahat qalsın. Elə olub, gecə yatmışıq, səhəri gün qalxıb görmüşük ki, 70-80 qoyunu canavarlar boğub üst-üstə yığıb. Gecəmizi gündüzə qatıb hökumətə o qoyunu artırıb ödəmişik. Biz bir gün də olsa bir-birimizdən ayrı qala bilmirik”.

Dörd oğul, bir qız atası olan Balaxan babanın on bir nəvəsi, bir nəticəsi var. Oğlanlarının 2-si atasının peşəsini davam etdirir.

Onu da qeyd edək ki, B.Əzimov qoyunçuluqda heyvandarlığın yüksək olması, quzu sayını normadan artıq verməsi, eləcə də qoyunlarda çəkinin normadan artıq verməsinə görə 6 dəfə medalla təltif olunub.