RUSİYA

Bu "Ovçu"nun əlindən qurtulmaq çox çətin olacaq - VİDEO

Müdafiə Nazirliyinin yaydığı kadrlarda "Oxotnik" dronunun "Su-30SM" döyüş təyyarəsinin müşayiətində uçduğunu görmək olar
Sputnik

BAKI, 17 avqust — Sputnik. Rusiyanın ən yeni pilotsuz uçan aparatı "Oxotnik" (Ovçu) ilk dəfə olaraq qırıcı təyyarə ilə birlikdə uçuş həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, uçuşun videogörüntüləri Rusiya Müdafiə Nazirliyinin "YouTube" səhifəsində yerləşdirilib.

Kadrlarda "Oxotnik" dronunun aerodromdan qalxdığını və uçuş zamanı onu "Su-30SM" döyüş təyyarəsinin müşayiət etdiyini görmək olar.

Dronunun ilk uçuşu avqustun 7-də baş tutub.

"Oxotnik" Rusiya ordusunda zərbə funksiyaları olan ilk ağır drondur. Təyyarə "uçan qanad" sxeminə əsasən layihələndirilib. Onun istehsalında xüsusi materiallardan və örtüklərdən istifadə olunub ki, bu da təyyarəni radiolokasiya vasitələri üçün demək olar ki, görünməz edir.

Bundan başqa, dron optik-elektron, radiotexnik və digər növ kəşfiyyat aparatları ilə təchiz olunub.

Qeyd edək ki, "Oxotnik" dronunda "AL-31" seriyasından olan turboreaktiv mühərrik quraşdırılıb. Bu mühərriklərlə əsasən "Su-27" döyüş təyyarələri təchiz olunur.

Uçan aparatın qanadlarında silahların taxılması üçün asqılar yoxdur, bu da o deməkdir ki, silahlar (raketlər, bombalar və s.) təyyarənin füzelyajının içində yerləşir.