Ərdoğan qərar verdi, Türkiyədə atom stansiyasının tikintisi sürətlənir

Ölkə ərazisində AES-lərin tikintisi üzrə layihələrin effektiv şəkildə icrası Türkiyənin idxal olunan enerji resurslarından asılılığını azaldacaq, daxili tələbat və digər problemləri həll edəcək
Sputnik

BAKI, 16 avqust — Sputnik. Türkiyə qurumları ölkə ərazisində atom elektrik stansiyalarının (AES) tikintisi üzrə layihələrə maksimum şəkildə dəstək verməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamda bildirilir.

Prezidentin sərəncamına görə, ölkə ərazisində AES-lərin tikintisi üzrə layihələrin effektiv şəkildə icrası Türkiyənin idxal olunan enerji resurslarından asılılığını azaldacaq, daxili tələbat və digər problemləri həll edəcək.

Xatırladaq ki, ötən ilin aprelində Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə videokonfransla qatılıblar. AES Mersinin Gülnar ilçəsinin Akkuyu bölgəsində tikilir.

20 milyard dollarlıq layihə çərçivəsində Akkuyuda 4800 MW gücündə 4 vahid nüvə reaktoru inşa ediləcək.

Xatırladaq ki, dünyada 31 ölkədə 450 AES fəaliyyət göstərir. Akkuyu ilə birlikdə isə inşaası davam edəcək stansiyaların sayı 56 olacaq. Akkuyu Atom Elektrik Stansiyası 2023-cü ildə fəaliyyətə başlayanda Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Akkuyu AES-in 60 il ərzində fəaliyyətdə olması nəzərdə tutulur.