BAKI, 16 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanı almaq fikrinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Wall Street Journal" nəşrinə Ağ Evdə olan mənbələr çatdırıb.
Qeyd edək ki, Qrenlandiya Danimarkaya məxsusdur.
Məlumata görə, Tramp dəfələrlə müşavirlərindən ABŞ-ın Qrenlandiyanı ala bilmək imkanları haqqında soruşub, eləcə də adanın resurslarına, onun geosiyasi əhəmiyyətinə və Amerikanın Arktikada hərbi iştirakını artırma imkanlarına dair müzakirələrə maraqla qulaq asıb.
Bundan başqa, Tramp Ağ Evin məsləhətçi hüquqşünasından layihə ilə bağlı hüquqi ekspertiza aparmağı xahiş edib.
ABŞ prezidentinin müşavirlərindən bəzilərinin bu planı hətta dəstəklədiyi də bildirilir. Onların fikrincə, bu iqtisadi cəhətdən əlverişlidir. Lakin digərlərinin fikrincə, Qrenlandiyanın alınması planı sadəcə olaraq prezidentin ötəri bir həvəsidir və heç vaxt reallaşmayacaq.
Lakin "Wall Street Journal" müəllifləri etiraf edirlər ki, Trampın özünün bu ideyaya nə dərəcədə ciddi yanaşdığı bəlli deyil.
Qrenlandiyanın Trampın bu planına cavabı özünü çox gözlətməyib. Belə ki, Danimarkanın muxtar ərazisi hesab edilən Qrenlandiyanın Xarici İşlər Nazirliyi bəyanatında adanın satış üçün yox, biznes əməkdaşlığına açıq olduğunu deyib.
“Qrenlandiya minerallar, tərtəmiz su və buz, balıq, dəniz məhsulları, bərpa olunan enerji kimi qiymətli resurslarla zəngindir və turizmin inkişafı üçün perspektivli istiqamətdir. Biz biznesə açığıq, satışa yox”, - Qrenlandiya Xarici İşlər Nazirliyi “Twitter” paylaşımında deyib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo mayda Qrenlandiyaya səfər etməli idi, lakin səfər İranla bağlı vəziyyət səbəbindən ləğv olunub.
Bu Vaşinqtonun Qrenlandiyanı ilk almaq cəhdi deyil. İkinci dünya müharibəsindən sonra Prezident Harri Trumen Qrenlandiya müqabilində Danimarkaya 100 milyon dollar təklif edib, lakin rədd cavabı alıb. Dövlət Departamenti hələ 1867-ci ildə Qrenlandiyanı almaq imkanlarını nəzərdən keçirib.