CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta spirtli içki emal edən sex aşkarlandı

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb
Sputnik

BAKI, 16 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.

AQTA-dan Sputnik Azərbaycan-a məlumat veriblər ki, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.

Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.

Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən yüzlərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.