RUSİYA

"Qrafikdən asılıdır": Putin şəxsən ordeni Mehriban Əliyevaya təqdim edə bilər

Bu il Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin minimum üç dəfə görüşməlidirlər
Sputnik

BAKI, 16 avqust — Sputnik, Lev Rıjkov. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması barədə Fərman avqustun 13-də dərc olunub. Rusiyada qəbul edilmiş protokol praktikası mükafatın yaxın vaxtlarda təqdim olunmasını nəzərdə tutmur: təltif mərasiminədək bir neçə ay da keçə bilər. Mehriban Əliyevaya ordeni Vladimir Putin şəxsən təqdim edə bilər. Çünki Azərbaycanın birinci xanımı tez-tez ölkə prezidenti İlham Əliyevi xarici səfərlərdə müşayiət edir.

"Qrafiklərdən asılıdır. Hələlik konkret razılaşmalar yoxdur", - deyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Sputnik Azərbaycan-a bildirib. 

Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb

Bu il Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin minimum 3 dəfə görüşməlidirlər. Soçidə Rusiya, İran və Azərbaycan liderlərinin iştirakı ilə daha öncə təxirə salınmış üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Oktyabrda Türkmənistanda MDB sammiti keçiriləcək, dekabrda isə Rusiyada ənənəvi MDB ölkələri liderlərinin qeyri-formal görüşü olacaq. 

Sputnik Azərbaycan-ın daha əvvəl məlumat verdiyi kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür məktubu ünvanlayıb. 

Məktubda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç, 

Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətimə verdiyiniz yüksək qiymətə və Rusiya Federasiyasının ali fəxri mükafatına – "Dostluq" ordeninə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. 

Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir. 

Vladimir Putin Mehriban Əliyevanı ordenlə təltif etdi

Hörmətli Vladimir Vladimiroviç, fəxri mükafata görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram". 

Rusiyanın "Dostluq" ordeni 1994-cü il martın 2-də təsis edilib. Millətlər və xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə verilən töhfəyə, Rusiyanın iqtisadi və elmi potensialının inkişafında yüksək nailiyyətlərə, millətlərin və xalqların mədəniyyətlərinin yaxınlaşdırılması və qarşılıqlı zənginləşdirilməsi, sülhün və dövlətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üzrə məhsuldar fəaliyyətə görə verilir. 

Azərbaycan vətəndaşları artıq bu Rusiya mükafatına layiq görülüblər. "Dostluq" ordeni Milli Məclisin spikerləri Murtuz Ələsgərov və Oqtay Əsədova, tanınmış jurnalist Aslan Aslanova, yazıçılar Çingiz Hüseynov və Maqsud İbrahimbəyova, teleaparıcı Yuli Qusmana, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təqdim olunub.