CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX rəsmisi sərhəddəki gərginliyin səbəbini izah etdi

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Bu gün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümününə həsr edilmiş mətbuat konfransı keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimov jurnalistlərin suallarını cavablandırıb.

İranın Lənkəran yaxınlığında batan gəmisinin heyətini DSX necə xilas etdi

O, qeyd edib ki, bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub.

Onun sözlərinə görə, bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar, onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi olub.

Lakin DSX tərəfindən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb: "Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri nəticəsində onlar xilas ediliblər və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".

Gömrük, FHN, DSX və XDMX işçiləri barədə də qərar var

E. İbrahimov vurğulayıb ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu, 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb: "Külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".

E. İbrahimov əlavə edib ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib: "Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib".