Tehranda Britaniya vətəndaşı olan məşhur alim həbs edilib

Kamil Rəhmaninin həbsi haqqında məlumatı onun həyat yoldaşı Şəfəq Rəhmani sosial şəbəkələrin birində paylaşıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. Tehranda məşhur antropoloq Kamil Əhmədi naməlum səbəblərdən həbs olunub. Sputnik Azərbaycan "Telegraph" qəzetinə istinadən xəbər verir ki, Əhmədi həm İran, həm də Britaniya vətəndaşıdır.

Alimin həbsi haqqında məlumatı onun həyat yoldaşı Şəfəq Rəhmani "Instagram"da paylaşıb. Onun sözlərinə görə, prokuror Kamilin bir ay müddətinə həbsinə dair order verib.

"Kamilin həbsi və ya ona qarşı irəli sürülmüş ittihamlar barədə məlumat verilməyib", - Şəfəq Rəhmani paylaşımında qeyd edib.

"Telegraph" bildirib ki, sosial antropologiya ilə məşğul olan kürd əsilli məşhur alim bazar günü Tehrandakı evində saxlanılıb. Onun həyat yoldaşının sözlərinə görə, İranın təhlükəsizlik xidməti alimin evində axtarışlar aparıb və bir sıra sənədləri, o cümlədən onun doğum haqqında şəhadətnaməsini müsadirə ediblər.

Qeyd edək ki, son aylar ərzində Cəbəlüttariq və Hörmüz boğazlarında baş vermiş tanker insidentlərindən sonra İran və Britaniya arasında münasibətlər kəskin şəkildə pisləşib.

İran bundan da əvvəl ikili vətəndaşlığı olan şəxsləri həbs edib: 2016-cı ilin aprelində İran və Britaniya vətəndaşlığı olan 37 yaşlı Nazənin Zagəri-Retkliff hökumət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilib. Məhkəmə onu beş il həbs cəzasına məhkum edib.