RUSİYA

Qağayılar sərnişin təyyarəsini "oturtdu" - təfərrüatlar

Pilotlar təyyarəni qarğıdalı sahəsinə endiriblər
Sputnik

BAKI, 15 avqust — Sputnik. "Airbus A321" sərnişin təyyarəsi Jukovski hava limanından qalxarkən qağayı sürüsü ilə toqquşub və təcili eniş etmək məcburiyyətində qalıb.

Sputnik Azərbaycan Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) istinadən xəbər verir ki, təyyarə qarğıdalı sahəsinə enib.

Sərnişin təyyarəsinin Moskva-Simferopol reysi ilə uçduğu bildirilir. Təyyarə hava limanından qalxandan sonra onun mühərrikinə quşlar girib. Nəticədə pilotlar təyyarəni Rıbinskoye kəndi yaxınlığında yerləşən qarğıdalı sahəsinə endirmək qərarına gəliblər.

Təyyarənin göyərtəsində yeddisi ekipaj üzvü olmaqla ümumilikdə 234 nəfərin olduğu bildirilir. Onların hamısı artıq təyyarədən təxliyə olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər verib ki, hadisə nəticəsində 10 nəfər yüngül xəsarət alıb.

"Rosaviasiya" isə bildirib ki, hadisədə dörd nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə müstəntiqlər göndərilib.