MƏDƏNİYYƏT

Oksana Rəsulova bu "Sevgi romanı"nın baş qəhrəmanıdır

Məşhur rəqqasə və aktrisa rəhbərlik etdiyi prodakşnın istehsalı olan filmdə baş rolu oynayıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. Məşhur rəqqasə Oksana Rəsulovanın baş rolu oynadığı "Sevgi romanı" bədii filminin çəkilişləri başa çatıb.

Rəsulova özü Sputnik Azərbaycan-a bildirib ki, o, filmin təkcə aktrisası deyil, həm də prodüseridir. Filmin çəkilişləri Bakı və Nabranda aparılıb.

"Əla komanda sayəsində film yüksək səviyyədə çəkilib. Biz hamımız yaxşı işləmişik. Şadam ki, hər şey uğurla başa çatdı. Filmdə kaskadyor Etibar İsayevin sayəsində quraşdırılmış döyüş səhnələrindən istifadə edilib. Bu, öz keçidləri, təlatümləri, aldatma və ehtirası ilə maraqlı olacaq həyəcanverici bir sevgi hekayəsidir. Filmin prezentasiyasını bu ilin noyabrında etmək niyyətindəyik" - deyə Rəsulova bildirib.

Filmdə həmçinin Şəhriyar Əbilov, Azər Aydəmir, Zümrüd Bədəlova, Kazım Abdullayev, Vahid Əliyev, Abdulqəni Əliyev və başqaları çəkilib.

Filmin quruluşçu rejissoru Vüsal Hacıqadir, ideya müəllifi və icraçı prodüseri İsmayıl Bağırov, senari müəllifi Azər Aydəmir, quruluşçu-operatoru Şahmar Səfəroğlu, qrim ustası Nura Babayeva, döyüş səhnələrinin quruluşçusu Etibar İsayev, kostyumların rəssamı Rüfət Balakişiyev, quruluşçu-rəssam Qoşqar Cəlaldır. "Sevgi romanı" bədii filmi "OksiMedia production"ın rəhbərliyi altında çəkilib.

Qeyd edək ki, rəqqasə kimi tanınan Oksana Rəsulova 2012-ci ildən indiyə qədər "3 bacı", "Zaman adlı qatar", "Şər qarışanda", "Mələyin öpüşü", "Bayram axşamı" kimi filmlərə çəkilib.

Azərbaycanlı rəqqasə, Hindistanın "India's Best Cine Stars Ki Khoj" istedad şousunun qalibi olub.