CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur

Hepatit xəstəsi olan anadan virusun körpəyə keçməməsi üçün xüsusi qoruyucu üsuldan istifadə etmək lazımdır
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 avqust— Sputnik. Hepatit virusu ilə xəstələnənlərin və bu virusun törətdiyi fəsadlarla əlaqədar dünyasını dəyişənlərin sayında artım var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatına əsasən, 2015-ci ildə dünyada 1.75 milyon insan bu virusa yoluxub. Həmin ildə bu virusdan ölənlərin sayı 1.34 milyon olub. Bu gün dünyada 1.5 milyon insan hepatit virusunun yaratdığı fəsadlardan dünyasını dəyişir. ÜST-ün məlumatlarına əsasən, indi dünyada 325 mln. insan hepatitdən əziyyət çəkir. Rəsmi məlumatlarda qeyd olunur ki, hepatitdən əziyyət çəkənlərin 70 milyonundan çoxunda Hepatit C, 250 milyonundan çoxunda isə Hepatit B aşkarlanıb.

İstirahətə getmişdi, xəstəxanalıq oldu

Maraqlıdır, Azərbaycanda son 4 ildə hepatit virusunun dinamikası necə dəyişib? Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, öplkəmizdə ən çox Hepatit B və Hepatit C virusu 2017-ci ildə qeydə alınıb. 2017-ci ildə Azərbayanda kəskin Hepatit B diaqnozu ilə qeydə alınan xəstələrin sayı 160, kəskin Hepatit C diaqnozu ilə qeydə alınan xəstələrin sayı isə 154 olub. Ötən il kəskin Hepatit B diaqnozu ilə qeydə alınan xəstələrin sayı 138, kəskin Hepatit C diaqnozu ilə qeydə alınan xəstələrin sayı isə 123 olub. Göründüyü kimi, hər iki virus üzrə ötən ilki rəqəmlərdə öncəki illə müqayisədə azalmalar qeydə alınıb. Elə son 10 illə müqayisədə də rəqəmlərdə azalmalar qeydə alınıb. Belə ki, 2008-ci ildə kəskin Hepatit B diaqnozu ilə qeydə alınan xəstələrin sayı 409, kəskin Hepatit C diaqnozu ilə qeydə alınan xəstələrin sayı isə 293 olub.

Ölkədə hepatit xəstələrinin ümumi sayına gəlincə, DSK-dan onlarda bununla bağlı rəsmi rəqəmlərin olmadığı bildirilib.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi isə Sputnik Azərbaycan-a açıqlamasında xəstəlik haqda ümumi məlumat verib. O bildirib ki, ümumiyyətlə, Hepatit B virusuna yoluxan şəxslərin təxminən 60 faizində hər hansı səbəbdən təbii qoruyuculuq əmələ gəlir. Hepatit B və Hepatit C-yə yoluxanların çox az bir hissəsində vəziyyət kəskin halda müşahidə olunur. Kəskin hal müşahidə olunan xəstələrdə sarılığın artmasını, ümumi vəziyyətin zəifləməsini görmək mümkündür. Bu zaman hətta temperaturun oynaması və oynaq ağrıları kimi müxtəlif fəsadlar da ortaya çıxa bilər. Xroniki xəstələrdə isə ilkin mərhələdə hansısa fəsad və əlamət olmur.

Xərçəng xəstəliyinə qarşı ən dözümlü qan qrupu açıqlandı

"Qarında maye toplanması nəticəsində qarın və ayaqda şişkinliklər yaranır. Təəssüflər olsun ki, bu zaman xəstəlik çox gecikmiş bir mərhələdə özünü göstərir. Onun qarşısını almaq üçün əsas çıxış yolu 6 ayda bir dəfə ümumi müayinələrdən keçməkdir", - deyə həmsöhbətimiz əlavə edib.

O, azyaşlıların da bu virusa yoluxmasından danışıb: "Bu virusun uşaqlar arasında yayılması da elə böyüklərdə olduğu qədərdədir. Digər hepatit qrupu xəstələrindən fərqli olaraq, virusun Hepatit C xəstəsi olan anadan körpəyə keçmə ehtimalı çox az olur. Əgər kişidə Hepatit B virusu varsa, bu zaman qadının peyvənd olunması mütləqdir. Hepatit C isə yalnız qan təması ilə keçə bilər. Cinsi yolla Hepatit C-nin yoluxma ehtimalı aşağı səviyyədədir. Doğuş zamanı qan təmasının qarşısının alınmasına çalışılmalıdır. Təəssüf ki, analarda bu virus zamanında yoxlanılıb aşkarlanmadıqda, hamiləlik dövründə yox, doğuş zamanı nadir ehtimalla belə virusun uşağa yoluxması baş verə bilər".

Həkimin sözlərinə görə, Hepatit xəstəsi olan anadan virusun körpəyə keçməməsi üçün xüsusi qoruyucu üsuldan istifadə etmək lazımdır. Belə xəstə olan analar normal olaraq övlad dünyaya gətirə bilərlər. Sadəcə, körpə doğulduqdan sonra ona peyvənd vurulmalıdır. Belə olan halda, körpənin bu virusa yoluxmasının qarşısını 95 faiz almaq mümkün olur.  

"2000-ci ildən etibarən ÜST Hepatit viruslarına qarşı mübarizə aparmaq üçün bir tövsiyə irəli sürüb. Bu tövsiyədə Hepatit B virusu əleyhinə peyvəndlərdən istifadə olunmasının zəruriliyi qeyd olunur. Ona görə də, ilkin olaraq, doğum evlərində bu peyvəndlərin vurulması tövsiyə olunur. Təcrübə göstərir ki, insanlar Hepatit B əleyhinə olan peyvəndlərdən imtina edirlər. Hətta bu gün tibb sahəsində çalışanlar var ki, onlar da bu cür peyvəndlərdən yararlanmırlar. Bu amil isə ciddi risk doğurur. Çünki belə peyvəndlər 95 faizədək qoruyuculuq yaradır", - deyə M.Kazımi bildirib.

Turistlərlə birələrin yaydığı xəstəlik yüzlərlə can aldı - qorunuruqmu?

Hepatit C-yə görə vaksinin olmadığını deyən həmsöhbətimiz qeyd edib ki, son illərdə aparılan və görülən işlər nəticəsində tibb elmi Hepatit C xəstəsinin tamamilə sağalmasına nail olub. 

İşlədiyi xəstəxanada edilən əməliyyatlardan da danışan Kazımi, 750-dən artıq orqan, qaraciyər və böyrək transplantasiyasını reallaşdırdıqlarını deyib. Bildirib ki, qaraciyər transplantasiyası edilən xəstələrin 52-55 faizi Hepatit B və Hepatit C-dən əziyyət çəkib.

M.Kazıminin sözlərinə görə, bu xəstəliklərin 3 əsas fəsadı var: "Onlardan biri qaraciyərin sıradan çıxması, digəri qaraciyər xərçəngi, üçüncüsü isə qaraciyər xərçəngi ilə serrozunun eyni anda müşahidə olunmasıdır. Elə olub ki, bir ailədə iki nəfərə qaraciyər tranplantasiyası etmişik. Onların hər ikisinin Hepatit B virusundan əziyyət çəkdiyi məlum olub".

Hepatit B üçün peyvəndlərdən danışan həkimin sözlərinə görə, Hepatit B-nin ailə daxilində ağız suyu, tər, məişət əşyaları vasitəsi ilə də yoluxma ehtimalı var.

Lazımi tədbirlər görülmədikdə isə bu virus inkişaf edir. Elə ötən ilki rəqəmlər də bunu deyir. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə virus hepatitlərindən ölənlərin sayı 115 nəfər olub. Onların 68 nəfərini kişi, 47 nəfərini qadınlar təşkil edib. Bu səbəbdən ölənlərin sayı digər yaş qruplarına nisbətən 55-59 yaş qruplarında daha çox olub.

Qeyd edək ki, dünyada olan 325 milyon hepatit xəstəsindən sadəcə 25 milyonu xəstəliyi haqqında məlumatlıdır.