BAKI, 14 avqust — Sputnik. Avqustun 13-də gecə səmada bu yayın ən böyük ulduz yağışı - Perseid meteor axını müşahidə edilib.
Perseid meteor axını Şimal yarımkürəsinin gecə səmasında "düşən ulduz" kimi təzahür edən ən gözəl və məşhur kosmik hadisədir. Perseidlər hər ilin avqustunda öz maksimumuna çatan, o qədər də dinamik olmayan, sabit və ədədi meteor düşüşüdur.
Adətən iyulun 17-dən etibarən başlayır və avqustun 24-də başa çatır. Bəzi meteor cisimlərinin sürəti saniyədə 30-40 kilometr olur. Meteorların əksəriyyəti Yer atmosferinin 80-120 kilometrliyində alışır. 30-40 kilometr hündürlükdə isə toz şəklində atmosferə qarışaraq sönür. Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda "düşən ulduz" kimi təzahür edir. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.
Meteor seli hər il eyni fəallıqda olmur. Fəallıq müəyyən periodlarda maksimum həddə çatır. Bu zaman meteor seli o qədər güclü olur ki, bu hadisə "ulduz yağışı" adlanır. Yer meteor selinin sıx olduğu meteor orbiti sahəsindən keçən zaman ulduz yağışları müşahidə edilir. Hər il iyulun ortalarından avqustun ortalarına qədər radiantı Persey bürcündə olan meteor seli müşahidə olunur. Bunlar bürcün adına uyğun olaraq Perseidlər adlanır.