BAKI, 13 avqust — Sputnik. "Roskosmos"un rəhbəri Dmitri Roqozin robot Fyodorun Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşuna hazırlığı əks etdirən video paylaşıb.
Sputnik Azərbaycan bildirir ki, Roqozinin Twitter səhifəsində paylaşdığı videoda elə onun müəllifi olduğu "Yer üzərindən gəmi uçur" mahnısı səslənir.
Kadrlarda androidin hazırlanma mərhələsi və onu avqustun 22-də BKS-ə yollayacaq gəmiyə yerləşdirilməsinin məşqi əks olunur.
Avqustun 1-də Roqozin Fyodoru Rusiya Prezidenti Vladimir Putinə göstərib. Onun sözlərinə görə, aparat kosmonavtın stansiyadakı hərəkətlərini tamamilə təkrarlayacaq.
"Gələcəkdə planlaşdırırıq ki, bu maşın uzaq kosmosu fəth etməkdə bizə kömək edəcək", - korporasiyanın başçısı bildirib.
Fantastika reallığa çevrilir: Robotlar sakitcə iş yerlərini insanlardan alırlar>>
Onun sözlərinə görə, Fyodorun üzərində iş 2012-ci ildən aparılır.
Robot Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research) Rusiya FHN-in sifarişilə "Android texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən hazırlanır. Onun yaradılmasına 300 milyon rubl sərf olunub. Bu yaxınlarda robotun adı dəyişərək Skybot F-850 olub.