CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki aya etimad qazanırlar, üçüncüdə isə insanları soyurlar

Dövlət bu sahədə hər-hansı mexanizm işləyib hazırlamalıdır ki, dələduzluqla məşğul olan tur şirkətlərinin fəaliyyətinin qarşısını almaq mümkün olsun
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Yay istirahət fəsli olduğundan, bu aylarda səyahət etmək üçün turizm şirkətlərinin xidmətlərindən yararlananların da sayı artır. Amma bu günlərdə  Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa səsləyən bəyanatla çıxış edib. Məlumatda bildirilir ki, son zamanlar şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı assosiasiyaya şikayətlərin sayı durmadan artır. Bütün baş verənləri nəzərə alaraq, Assosiasiya turistlərə şirkət seçərkən daha diqqətli olmağı, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edib.

Turistlərlə birələrin yaydığı xəstəlik yüzlərlə can aldı - qorunuruqmu?

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq AZTA-nın rəhbəri Nahid Bağırovla əlaqə saxlayıb. N. Bağırov bildirib ki, son bir həftədir ki, turizm şirkətləri ilə bağlı AZTA-a daxil olan şikayətlərin sayında kəskin artım müşahidə olunur. N. Bağırovun sözlərinə görə, bazarda özlərini turizm şirkəti kimi təqdim edən dələduzlar peyda olub. Onlar turistlərin etimadından istifadə edərək onları aldadırlar: “Belə fırıldaqçılıqla məşğul olan turizm şirkətləri xarici ölkələrə çox ucuz qiymətə tur təşkil etdiklərini söyləyirlər. Maya qiymətindən aşağı təkliflər isə müştəriləri şirnikləndirir. Halbuki, onların otelləri belə olmur. Uçuşa bir həftə qalmış dələduzlar ofislərini və telefon nömrələrini bağlayaraq aradan çıxırlar”.

Həmsöhbətimiz deyir ki, belə dələduz şirkətlər avqust ayında daha da artır: “Onlar iyun və iyul aylarında fəaliyyət göstərərək müştərilərin etimadını qazanırlar. Sərfəli qiymətə xarici ölkələrdə beş ulduzlu otellərdə dincəlmək təklif edirlər. Müştəri bilet aldıqdan sonra isə öyrənir ki, bilet, bütün sənədlər saxtadır. Nə təyyarə bileti var, nə də ki, onların adına xaricdə oteldə yer bron edilib”.

AZTA sədri bildirir ki, bu hallar ölkədəki normal turizm şirkətlərinin də imicinə xələl gətirir: “Artıq bizə 15 nəfər belə dələduz tur şirkətləri ilə bağlı şikayət edib. Lakin bizim əlimizdə təsir mexanizm olmadığından müştərilərə bir köməkliyimiz də dəymir”.

Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar

Həmsöhbətimiz deyir ki, bu, Azərbaycanda turizm şirkətlərinin lisenziyasız fəaliyyətinə yaradılan azad sahibkarlıq mühitindən irəli gəlir: “Bir neçə ildir ki, Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında bu fəaliyyət növü əksini tapmayıb. İndiyə qədər turizm şirkətləri bu fəaliyyət üçün 5500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət Nazirliyindən lisenziya alırdılar. Əvvəllər Mədəniyyət Nazirliyi turizm şirkətlərinə nəzarət edirdilər, yoxlayırdılar. Amma bu qərardan sonra özbaşına fəaliyyət göstərirlər. Biz bu fərmanı alqışlayırıq, ancaq bununla bağlı da müəyyən mexanizmlərin işlənməsini vacib hesab edirik. Bu halda, dələduzluq halları da artır. Dövlət bu sahədə hər-hansı mexanizm işləyib hazırlamalıdır ki, dələduzluqla məşğul olan tur şirkətlərinin fəaliyyətinin qarşısını almaq mümkün olsun. Çünki, elə turizm şirkətləri var ki, göstərdiyi fəaliyyət ilə başqa turizm şirkətinin imicinə xələl gətirirlər. Bu da ümumən bütün bazarın imicini aşağı salır”.