BAKI, 13 avqust — Sputnik. Sankt-Peterburqdakı Ukrayna Baş Konsulluğunun əməkdaşını bu gün Rusiyadan çıxarıblar.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindən bu addımı Kiyevin hərəkətinə cavab olaraq atdıqlarını bildiriblər.
"Hələ 2019-cu ilin mayında Ukraynanın xüsusi xidmətləri Rusiyanın Lvovdakı Baş Konsulluğunun əməkdaşını əsassız olaraq persona non grata elan edib növbəti təxribat törətdi. Onun konsul idarəsindəki peşəkar vəzifəsi çərçivəsindən kənar, qanunazidd hərəkətləri barədə isə, adəti üzrə, heç bir sübut göstərilmədi", - diplomatik idarədən bildirilib.
Ukraynanın Təhlükəsizlik Xidmətinin bu məlumatı 3 ay açıqlamamasını XİN Kiyevdəki "daxili-siyasi oyunlarla" əlaqələndirib.
Bu gün Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Rusiyanın Lvovdakı Baş Konsulluğunun işçisinin 2014-cü ildə ələ aldığı yerli sakin ona hansısa məlumatları ötürüb. Qeyd edilib ki, persona non grata elan edilən konsulluq əməkdaşı artıq Ukraynanı tərk edib, ukraynalı isə dövlətə xəyanət ittihamı ilə cinayət işinə cəlb olunub, onu 15 ilədək həbs cəzası gözləyir.