Xəzərlə bağlı yeni maraqlı təklif səsləndirildi

Türkmənistan prezidenti Xəzər regional logistika mərkəzinin yaradılmasını təklif edib
Sputnik

BAKI, 12 avqust - Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış edib. 

APA xəbər verir ki, bu barədə Q. Berdıməhəmmədov I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin ərazisinin şərqdə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, qərbdə Qara və Aralıq dənizlərinə, cənubda İrandan keçərək Yaxın və Orta şərqə, şimalda isə Rusiyadan keçərək Baltik dənizinin sahillərinə birbaşa çıxışı var. 

Türkmənistan prezidenti qeyd edib ki, belə konfiqurasiya bütün 4 istiqamətdə davamlı marşrutların yaradılması üçün imkanlar açır və onların normal işləməsi üçün Xəzəryanı dövlətlər öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalıdır. 

O vurğulayıb ki, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdır.