İQTİSADİYYAT

Əfqanıstandan başlayan dəhliz Azərbaycana nə verəcək

Ekspert: Avrasiyanın çox vacib geostrateji regionunda yerləşən Azərbaycan üçün onun üzərindən keçən istənilən nəqliyyat layihəsi minimum xərc və itkilərlə yanaşı üstünlüklərə malikdir
Sputnik

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Lazurit dəhlizi tam gücü ilə işləsə, Azərbaycan sadəcə əlverişli tranzit mövqeyindən istifadə etməklə özünün tranzit ödənişlərini alacaq. Bunu Sputnik Azərbaycan-a Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Orta Asiya və Qafqazın Tədqiqi Mərkəzinin analitik qrupunun rəhbəri, şərqşünas Stanislav Pritçin deyib.

Əfqanıstanda adamla dolu avtobus partladı

İyulun 25-də Türkmənistan hökumətinin dəstəyi ilə Əfqanıstanın Faryab əyalətində inşa edilən dəmir yolu xəttinin təntənəli açılışı və Akina-Andxoyun yeni hissəsinin inşasının təməlatma mərasimi olub. Açılış mərasimində Türkmənistan və Əfqanıstanın nəqliyyat və sənaye idarələrinin rəhbərləri Lazurit tranzit-nəqliyyat dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) əhəmiyyətini qeyd ediblər.

Tərəflər bu qənaətə gəliblər ki, transkontinental (qitələrarası) dəhlizdən səmərəli istifadə bu layihədə iştirak edən ölkələr arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına müsbət təsir göstərəcək və geniş geoiqtisadi məkanda məhsuldar əlaqələrin genişlənməsinə kömək edəcək.

Pritçin qeyd edib ki, Lazurit dəhlizi bütövlükdə regional və qlobal nəqliyyat layihələrinə, məsələn, "Bir kəmər - bir yol", "Şimal-Cənub" və digərlərinə inteqrasiya etməyə və beləliklə, qitənin daxilində sıxılmış vəziyyətdə olan bölgəni qlobal bazarlarla birləşdirməyə yönəlib.

"Eyni zamanda, Lazurit dəhlizi ilə bağlı cavablardan çox suallar var. Və ən vacib sual budur ki, bu nəqliyyat marşrutu boyunca nələr daşınacaq? Çünki Əfqanıstan iqtisadiyyatı bu qədər istehsal və istehlak etmir" - Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Əfqanıstanın Trampa cavabı gecikmədi

Ekspert deyib ki, "Bir kəmər - bir yol"a baxsaq, bu, Çin mallarının Avropa ölkələrinə çatdırılmasına yönəlmiş məntiqi quruluşlu bir layihədir. Və əks istiqamətdə Çinin ehtiyac duyduğu məhsullar - kənd təsərrüfatı məhsulları və enerji resursları daşına bilər. Əfqanıstanla Türkmənistana gəlincə, burada böyük suallar yaranır: ora nəyi daşımaq olar və orada istifadə ediləcək mal axınının həqiqi xarakteristikası nədən ibarətdir? Bu sualların cavabı aydın deyil.

"Təhlükəsizlik məsələsi də az əhəmiyyət daşımır. Burada söhbət hətta fiziki və ya hərbi təhlükəsizlikdən də getmir. Məsələ ondadır ki, Tacikistan və Türkmənistan arasında müntəzəm siyasi gərginliklə əlaqədar tranzit problemləri mövcuddur və bu, öz növbəsində investorların və ondan istifadə etməyi planlaşdıran iş adamlarının nöqteyi-nəzərindən marşrutun etibarlılığına təsir göstərir", - Pritçin deyib.

Ekspertin fikrincə, bütün bunlarla yanaşı, başa düşmək lazımdır ki, bu, uzunmüddətli bir layihədir, onun infrastrukturuna əhəmiyyətli investisiyalar qoyulub və onları geri qaytarmaq üçün çox böyük mal axını olmalıdır. Əks təqdirdə, ölkələr təbii olaraq, kifayət qədər yüksək ödənişlər etməli olacaqlar ki, bu da onlara mənfi təsir göstərəcək.

Əfqanıstan İsraildən sonra dünyada ikinci oldu - Trampın sayəsində

"Qlobal təhlükəsizlik məsələsinə də ayrıca diqqət yetirmək lazımdır. Biz hamımız bilirik ki, Əfqanıstanda vəziyyət sabit deyil. Cənubi Qafqaz kimi nisbətən proqnozlaşdırılan və sabit bölgələrdən keçən kiçik bir marşrutun təhlükəsizliyinə zəmanət vermək o demək deyil ki, gələcəkdə bu marşrut bugünkü kimi təhlükəsiz olacaq" - deyə ekspert əlavə edib.

Şərqşünasın fikrincə, tranzit ölkə olaraq, Avrasiyanın çox vacib geostrateji regionunda yerləşən Azərbaycan üçün onun üzərindən keçən istənilən nəqliyyat layihəsi minimum xərc və itkilərlə yanaşı üstünlüklərə malikdir. Bölgənin özündə infrastruktur var və burada yeganə sual xarici oyunçuların necə davranacağıdır.

"Bəzən Azərbaycan kreditlər vasitəsilə investor qismində çıxış edir və bununla da "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" layihələrində olduğu kimi, özünün tranzit potensialından istifadəni təşviq edir. Odur ki, Lazurit dəhlizi tam gücü ilə işləsə, Azərbaycan sadəcə əlverişli tranzit mövqeyindən istifadə etməklə özünün tranzit ödənişlərini alacaq" - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti fikrini tamamlayıb.