BAKI, 12 avqust - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını Qurban bayramı münasibətilə təbrik edərək səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.
Baş DYP İdarəsindən APA-ya verilən məlumata görə, tövsiyədə deyilir:
“Hörmətli sürücülər! Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da, istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, arxayın olmadığınız, yanlış qərar verməyin.
Aparılan təhlillər göstərir ki, bu qaydalara riayət edilməməsi səbəbindən son günlər ağır nəticəli yol-nəqliyyat hadisələri qeydə alınıb.
Yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz. Unutmayaq ki, əzizləriniz yoluzu gözləyir”.