Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. Azərbaycanın sevilən aktyoru, uzun illər kino və teatrda külüng vuran Vidadi Həsənov 31 iyul 2019-cu il tarixində Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görüldü. Ömrünün 40 ilini mədəniyyətə həsr etmiş, bu yaxınlarda səhhətindəki ciddi problemi adlamış sənətkar üçün xoş xəbər oldu. Vaxt itirmədən dəyərli teatr və kino xadimimiz ilə müsahibə almaq qərarına gəldik.
- Ürəyiniz deyəsən sözünüzə baxmır.
- Əsas odur ki, krizis arxada qaldı. Hələ yaşamağa dəyər.
- Sizi sevənləri bərk qorxutdunuz.
- Qorxutmaq istəməzdim, özüm də qorxan adam deyiləm. Həyatdı da. Mənim yaşımda adam xəstələnmirsə, deməli, burada şübhəli nəsə var. Altmışı keçəndən sonra insan xəstələnməlidir. Orqanlar yavaş -yavaş sıradan çıxmalıdır ki, günlərin birində sən də sıradan çıxasan. Ya zəlzələdən ya vəlvələdən, insan bir gün getməlidir.
- Həmin an yəqin ki, ürəyinizdən keçib ki, 5-10 il də yaşayım yarımçıq qalan işlərim var.
- 1979-cu ildən teatrda, 1984-cü ildən isə kinodayam. Elə aktyorlar var ki, ömrlərinin bir məqamında deyirlər ki, mən artıq istədiyim rolların hamısını oynamışam. Bu cür söyləmək olar, amma, insanın hər zaman həyatda görəcəyi çox işlər var. 18 yaşında adama elə gəlir ki, çox güclüsən və çox işlər görə bilərsən. Sonlara yaxın görürsən ki, görəcəyin işlərin çoxu hələ qabaqdadır. Hələ həyatı indi-indi anlamağa başlayırsan. Ələxsus da, mənim kimi, gedib o dünyanı gəzib gələndən sonra. Mən indi bir çox məsələlərə başqa cür baxıram, çox insanlarla, sanki yenidən görüşürəm. Zənnimcə, hələ görəcəyim işlər çoxdur. Təbii ki, ömür vəfa etsə.
- Bir az qəmgin notlara kökləndiniz.
- Bilirsiniz, həyatı nə həddindən artıq nikbinləşdirmək lazımdır, nə də bədbinləşdirmək. Baş verən hər bir şeyə nə qədər gerçək baxsan, yaşamaq bir o qədər rahat olar. Mənim yaşımda romantik olmaq çətin işdi. Hər yaşın öz reallığı, öz gerçəkliyi var.
- Bu illər ərzində həm teatrda, həm kinoda yaddaqalan obrazlar yaratmısınız. Özünüzü senarist kimidə sınamısınız. Vidadi Həsənov özünü harada görür?
- Bu siyahını biraz da uzatmaq olar. Şeir də yazıram, musiqi ilə də məşğul oluram. Hərdən vaxt tapanda meşə heykəltaraşlığı ilə də - ağaclardan müxtəlif fiqurlar da düzəldirəm.
- Bəlkə bu işlərlə məşğul olmağa səbəb enerjinizi çıxarmaqdır?
- Bu yaxınlarda məndən yaradıcılıq bioqrafiyamı istədilər. Uzun bir siyahı alındı. Düşündüm ki, bir insan qırx il ərzində bu qədər işi görə bilərmi? Açığı, başqası yazsa, deyərdim yalandı. Uydurur. İnanın, özümə də gözlənilməz, heyrətamiz gəldi. Çox sevindim ki, bu işləri mən görmüşəm. Əlbəttə, təkbaşına bunları heç kəs edə bilməz. Düşünürəm ki, mənə verilən xalq artisti adı yanımda olan hər bir kəsə - doğmalarıma, dostlarıma və həmkarlarıma verilən dəyərdi.
- Sizi daha çox teatr adamı kimi tanıyırlar. Fəxri adı kino günündə gözləyirdinizmi?
- Açığı deyim, gözləyirdim ki, bu teatrla bağlı olacaq. Amma "Azərbaycanfilm" də mənim üçün doğma yerdir. Mən ora ilk dəfə gələndə çox gənc idim. Artıq veteran sayıla bilərəm. Kinoda da az iş görməmişəm. Ümumiyyətlə, teatr da, kino da, televiziya da mədəniyyətimizin bir hissəsidir. Bu sahələrin hər biri mənə əzizdir. 40 il bu işlə məşğulamsa, öz sevgimi bir daha sübut etməyə lüzum görmürəm..
- Keçmiş Azərbaycan filmlərində hər xırda obraz indi də xatırlanır. Onlardan aforizm kimi istifadə olunur. Amma indi çəkilən filmlərin hətta baş rolları bir neçə ilə unudulur. Səbəb nədir?
- Bunun bir neçə səbəbi var. İnsanlar nostalji hisslərlə yaşamağı xoşlayırlar. Məncə, indiki filmlərin də üstündən müəyyən bir vaxt keçməlidir. "Bəyin oğurlanması" filmi ekrana çıxanda çox adamlar onu bəyənmədi. Vaqif Mustafayevin, Ceyhun Mirzəyevin böyükmetrajlı "Mozalanıdır" dedilər. Amma, bu filmə indi tam fərqli münasibət var. Hamı tərəfindən sevilir. Deməli, zaman öz işini gördü. Bir məsələni də qeyd edim. Həmin filmdə hətta kütləvi səhnələrdə oynayan aktyorlar belə Bakıdan gəlirdi. O filmdə rəqs eləyən kiçik bir qızdan savayı sözsüz rolları belə, ifa edən şəxslər də kinoaktyorlarıdır. Müasir seriallarda, kinolarda isə , bəzən yoldan ötəni də çəkirlər. Qınamıram, büdcə az olanda…
- Sizcə bu nə dərəcədə doğrudur?
- Düz deyil, amma, bu işdə ittiham etmək bəraət qazandırmaq qədər asandı.
- Kinomuza diqqətdən razısınızmı?
- Misalla deyim: bu yaxınlarda gənc idmançılarımız idman festivalında uğurla çıxış etdilər, bayrağımızı dalğalandırdılar. Sevindik, qürur duyduq! Yarış bitən kimi əlaqədar qurumlar qalibləri bir yerə yığıb təbrik etdilər, mükafatlandırdılar… İndi gələk kinoya – son illər "Azərbaycanfilm" kinostudiyasında çəkilən uğurlu filmlərimiz də müxtəlif beynəlxalq festivallarda iştirak edir, bayrağımızı dalğalandırır,mükafatlar qazanır. Heç eşitmisinizmi, hansısa bir filmin yaradıcı heyətini, hansısa bir aidiyyətı orqan dəvət etsin, onlara Allahın bir quruca sağ olunu desinlər? Məncə, idmanımıza göstərilən qayğı kinomuza da, incəsənətimizə də göstərilməlidir.
- Aidiyyəti qurumlar deyəndə haranı nəzərdə tutursunuz?
- Aidiyyati qurumları.
- Vidadi müəllim, teatrın vəziyyəti ürəyinizcədir?
- Kim desə ki, teatr yoxdur, yalan deyir. Teatra daim gələn, onu sevən insanlar çoxdur. Sadəcə, teatrların sayı çox olmalıdır. Gürcüstanın paytaxtı Tbilisidə teatrların sayı Azərbaycan teatrlarının sayından xeyli çoxdur. Moskvada az qala hər metro stansiyasının yanında bir teatr var. Bu qədər ticarət mərkəzləri var, maşallah, qoy bir az da teatr olsun da – axı mənəviyyat da qida tələb edir.
- Bəlkə Azərbaycanda müstəqil teatrların sayını artırmaq üçün işlər görülməlidir?
- Artıq Bakıda bir neçə müstəqil teatr var. Belə teatrlardan biri də M.Teatr - "Mənim teatrım"dır. Artıq beş ildən çoxdu fəaliyyət göstəririk. Asan deyil, amma, heç nəyə baxmadan çalışırıq. Yalnız say artırmaq yox, həm də kömək etmək lazımdı. Kömək dedim yadıma düşdü – Azər Paşa Nemətova, Teatr Xadimlər İttifaqının (TXİ) əməkdaşlarına təşəkkürümüzü bildirmək istəyirəm: M.Teatrın sezonsonu tamaşasını göstərmək üçün bizə təmənnasız şərait yaratdılar.
- "Yuğ" teatrında işləyirsiniz. Teatın yaradıcılarından olan Vaqif İbrahimoğlu vəfat etdi. Son üç ildir ki, teatrınız binasızdır. Teatra bu nə dərəcədə təsir etdi?
- Son üç ildə xeyli uğurlu tamaşalarımız olub ( A.P.Çexov "Təklif", R.Akutaqava "Müəmmalı bir qətlin üç versiyası", H. İbsen "Vəsvəsə", V.Şekspir "III Riçard"). Bu tamaşalarda, demək olar ki, teatrın bütün aktyor heyəti iştirak edir. "Yuğ" teatrında yaradıcı proses öz ritmində və axarındadır. Biz özümüzü heç də qərib yerdə hiss etmirik. Kukla teatrının kollektivi ilə doğmalaşmışıq. Əlbəttə, teatrın öz binasının olması mühüm şərtdir. Xüsusilə də "Yuğ" kimi öz dəsti-xətti olan teatr üçün. Düşünürük ki, əlaqədar orqanlar bu haqda bir tədbir görərlər əvvəl - axır. Vacib deyil ki, o binanı mən də görüm. Əsas odur ki, bu bina nə vaxtsa olsun.